Zamanla bağlı 11 heyrətamiz fakt: Beynimiz onu necə dəyişir?
Zaman hamımız üçün eyni axsa da, onu necə qavradığımız dildən, psixologiyadan və hətta Ayın cazibə qüvvəsindən asılı olaraq dəyişə bilər.
Crossmedia.az xəbər verir ki, BBC zamanın fizikası, psixologiyası və tarixi ilə bağlı 11 maraqlı faktı təqdim edib.
Araşdırmalara görə, danışdığımız dil zaman haqqında düşüncə tərzimizə təsir göstərir. Məsələn, ingilis dilində danışanlar zamanı daha çox üfüqi xətt kimi təsəvvür edir, mandarin dilində danışanlarda isə zamanın şaquli istiqamətdə qavranılması daha çox yayılıb. Avstraliyanın Pormpurau icmasında isə zamanın istiqaməti şərq və qərblə əlaqələndirilir.
Zamanın qavranılması insanın psixoloji vəziyyətindən də asılıdır. Güclü stress zamanı beyin informasiyanı daha sürətli emal edə bilər və insana hadisələr sanki yavaşlayırmış kimi görünə bilər. Müəyyən beyin xəstəlikləri də zaman hissinin sürətlənməsinə və ya dayanmasına səbəb ola bilər.
Mütəxəssislər həmçinin bildirirlər ki, Yer üzündə tamamilə dəqiq işləyən saat yoxdur. Hazırkı vaxt anlayışı dünyanın müxtəlif yerlərində yerləşən atom saatlarının göstəricilərinin birləşdirilməsi əsasında müəyyənləşdirilir.
Daha bir maraqlı fakt Ayla bağlıdır. Ay hər il Yerdən təxminən 3,8 santimetr uzaqlaşır. Onun cazibə qüvvəsi okeanlarda qabarma-çəkilmələr yaradır və Yer kürəsinin fırlanmasını çox cüzi şəkildə ləngidir. Buna görə də orta sutkanın uzunluğu hər əsrdə təxminən 1,09 millisaniyə artır.
BBC-nin qeyd etdiyi digər fakt isə gələcəklə bağlıdır: 2023-cü ildə doğulan uşaqların bir hissəsi 2099-cu ilin son gününü, yəni XXII əsrin başlanğıcını görə biləcək. Bundan başqa, dünyanın bütün ölkələrində eyni təqvimdən istifadə edilmir. Məsələn, Nepalda 2023-cü il Bikram Sambat təqviminə əsasən 2080-ci il hesab olunur.
05:05 05.10.2026
Oxunuş sayı: 45