Trampdan senatora ağır sözlər
ABŞ Prezidenti Donald Tramp Arkanzas senatoru Tom Kottonu yay vaxtının daimi tətbiqini nəzərdə tutan qanun layihəsini ləngitməkdə ittiham edib və seçiciləri senatora müraciət etməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə məlumat yayıb.
Tramp “Truth Social” platformasında Kottonu dostu adlandıraraq onun “Sunshine Protection Act” adlı qanun layihəsinin qəbulunu əngəllədiyini bildirib. Prezident paylaşımında senatorun mobil telefon nömrəsini də yayımlayıb.
ABŞ Nümayəndələr Palatası yay vaxtının ilboyu tətbiqini nəzərdə tutan qanun layihəsini 308 lehinə, 117 əleyhinə səslə qəbul edib. Lakin Senatda məsələ ilə bağlı hələ irəliləyiş olmayıb.
Tramp uzun müddətdir saatların ildə iki dəfə dəyişdirilməsini tənqid edir. Bununla belə, ölkənin ilboyu standart vaxtda, yoxsa yay vaxtında qalması ilə bağlı mövqeyi zamanla dəyişib.
Tom Kotton isə mövcud sistemin dəyişdirilməsinə qarşı çıxır. O, 2025-ci ildə bir qrup senatorun oxşar qanun layihəsinin razılaşdırılmış qaydada qəbul edilməsinə dair təşəbbüsünə etiraz edib.
06:06 05.10.2026
Oxunuş sayı: 43