Azərbaycanda gələn il minimum əməkhaqqının 400 manat səviyyəsində olacaq- İqtisadçı qərarı şərh etdi
Azərbaycanda gələn il minimum əməkhaqqının 400 manat səviyyəsində qalacağı ehtimalı sosial-iqtisadi müzakirələrin əsas mövzularından birinə çevrilib. Minimum maaşın artırılmaması cəmiyyətin müəyyən təbəqələrində suallar doğursa da, dövlət büdcəsinin strukturu, mövcud iqtisadi prioritetlər və maliyyə siyasətinin istiqamətləri bu qərarın arxasında duran əsas amillər kimi qiymətləndirilir. Artımın olmaması ilk növbədə fiskal yükün idarəolunması, makroiqtisadi sabitliyin qorunması və sosial xərclərin optimallaşdırılması ilə bağlıdır.
Mövzu ilə bağlı "ReAl" partiyası sədri, iqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Azərbaycanda əvvəlki illərdə minimum əməkhaqqının artırılması, əməkhaqları və təqaüdlərin indeksləşdirilməsi inflyasiya səviyyəsinə uyğun şəkildə həyata keçirilirdi. Lakin son illərdə bu praktika dəyişdirilib. Hazırda minimum əməkhaqqı və minimum təqaüdün artırılması Nazirlər Kabinetinin və Prezidentin müstəsna səlahiyyətinə daxildir. Buna görə də artıq əvvəlki dövrlərdə olduğu kimi inflyasiya hesablamalarına əsaslanan avtomatik indeksləşmə tətbiq edilmir".
Ekspert həmçinin qeyd edib ki, mövcud yanaşmaya görə, yalnız orta aylıq əməkhaqqının nominal artımı nəzərə alınır: "Lakin bu da hər il mütləq artımın olacağı anlamına gəlmir. Yəni indeksləşmə yalnız orta aylıq əməkhaqqının artım tempinə uyğun aparıla bilər. Gələn ilin büdcə sənədlərinə baxdıqda isə görünür ki, nə minimum əməkhaqqının, nə də minimum təqaüdün artırılması nəzərdə tutulub. Bu məsələ ilə bağlı hər hansı ipucu və ya plan büdcədə öz əksini tapmayıb".
Ayhan
20:27 24.10.2025
Oxunuş sayı: 1128