Gümrü-Qars xəttinin bərpası bölgədə iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcək - RƏY
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib ki, yaxın vaxtlarda Ermənistan və Türkiyə idarələrarası komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası ilə bağlı iclası keçiriləcək.
"Tezliklə idarələrarası
komissiyaların Gümrü-Qars dəmir yolunun bərpası və yenidən işə başlamasına həsr
olunmuş iclası keçiriləcək", - o qeyd edib.
R.Rubinyanın sözlərinə görə,
görüşün keçiriləcəyi yerlə bağlı daha sonra ətraflı məlumat veriləcək.
Vitse-spiker həmçinin sərhədlərin açılması məsələsi ilə bağlı müzakirələrin davam etdiyini bildirib.
Gümrü-Qars dəmir yolunun bərpasının mümkün iqtisadi dividentləri barədə iqtisadçı ekspert Elçin Rəşidov Crossmedia.az-a açıqlamasında deyib ki, layihənin reallaşması həm siyasi, həm də iqtisadi baxımdan region üçün əhəmiyyətlidir: “Bu dəmir yolu uzun illərdir fəaliyyət göstərmir və SSRİ-nin dağılmasından sonra Türkiyə-Ermənistan münasibətlərinin kəsilməsi xəttin tam dayanmasına səbəb olub. İndi proseslərin normallaşması baxımından onun bərpası gündəmə gətirilir".
Ekspert hesab edir ki, yeni marşrutun işə düşməsi regional ticarət əlaqələrinin genişlənməsinə xidmət edəcək: “Bu xətt təkcə Ermənistan və Türkiyəyə deyil, həm də Azərbaycan və digər qonşu ölkələrə iqtisadi fayda gətirəcək. Türkiyə bu layihə ilə Qafqaza əlavə giriş əldə edir, Qafqaz isə Orta Asiyaya uzanan körpüdür".
E.Rəşidov əlavə edib ki, layihənin tam reallaşması üçün həllini gözləyən texniki məsələlər mövcuddur: “Maliyyə bölgüsü, iş bölgüsü, sərhəd keçid məntəqələrinin təşkili, gömrük və təhlükəsizlik prosedurları kimi məsələlər var. Bunlar müzakirə ediləcək və qısa müddətdə razılaşdırılacağı gözlənilir. Gümrü-Qars xəttinin bərpası bölgədə iqtisadi əməkdaşlığın genişlənməsinə və sülh prosesinin irəliləməsinə əhəmiyyətli töhfə verəcək".
Fatimə Hacıəliyeva
12:24 24.10.2025
Oxunuş sayı: 1136