Bakıda taksi parkının 67 %-nin istismar müddəti 8 ildir

Azərbaycanda taksi sahəsində islahatlardan əvvəl taksi parkının 62 %-nin istismar müddəti 15 ildən çox olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət oldə olunub və artıq taksi parkının 67 %-nin istismar müddəti 8 il təşkil edir.
Crossmedia.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub.
Bu günə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 014-dür. Bu avtomobillərin təxminən 55 %-i və yaxud 18 825 ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir.
Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79 %-ni təşkil edir.
18:43 14.10.2025
Oxunuş sayı: 1314