Kənd Təsərrüfatı Nazirliyi “Rebuild Karabakh” sərgisində təmsil olunur

Bakı Ekspo Mərkəzində 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, tədbirin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, bölgədə sosial-iqtisadi infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və digər prioritet sahələrin inkişafına dəstək verməkdir.
Sərgidə Kənd Təsərrüfatı Nazirliyi geniş stendlə təmsil olunur. Tədbirin ilk günündə nazirlik Aparatının rəhbəri Azad Cəfərli və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov işğaldan azad edilmiş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı sektorunda görülən işlər, həyata keçirilən layihələr və inkişaf planları barədə ziyarətçilərə ətraflı məlumatlar veriblər.
Aqrar İnnovasiya Mərkəzinin stendində aqrar startapçılar öz məhsul və innovativ həlləri ilə iştirak edərək ölkənin kənd təsərrüfatı sektorunda innovasiyaların tətbiqini nümayiş etdirirlər.
Nazirliyin stendində “ağıllı istixana texnologiyaları”, “ağıllı soyuducu sistem”, “resurs səmərəliliyinə yönəlmiş filtr sistemləri”, “dron texnologiyaları”, “torpağın monitorinqi və aqrar analiz texnologiyaları” kimi müxtəlif istiqamətləri əhatə edən innovativ həllər təqdim olunur. Startap layihələri daha dayanıqlı və məhsuldar təsərrüfat mühitinin yaradılmasına, həmçinin kənd təsərrüfatında rəqəmsal və yaşıl texnologiyaların tətbiqinin genişləndirilməsinə xidmət edir.
Sərgi müddətində nazirliyin stendində işğaldan azad edilmiş bölgələrdə Aqrar İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Aqrar Biznes festivalları və toxum sərgi-satış yarmarkalarına dair videomateriallar nümayiş etdirilir. Bu materiallar vasitəsilə ziyarətçilərdə kənd təsərrüfatı sahəsində regionların potensialı və inkişaf istiqamətləri haqqında geniş təsəvvür yaradılır.
Qeyd edək ki, 14-16 oktyabr tarixlərində keçiriləcək “Rebuild Karabakh” sərgisi Qarabağın bərpası prosesinə dövlət və özəl sektorun, həmçinin beynəlxalq tərəfdaşların cəlb olunması baxımından mühüm platforma rolunu oynayır.
17:03 14.10.2025
Oxunuş sayı: 1333