HƏMAS idarəetmənin yerli tərəfin nəzarətində olmasını istəyir - Müsahibə

Yaxın Şərq yenidən dünyanın diqqət mərkəzindədir. Uzun illərdir davam edən qarşıdurmalar, dağıdıcı müharibələr və siyasi gərginliklər bu regionu beynəlxalq münasibətlərin ən mürəkkəb məkanlarından birinə çevirib.
Son həftələrdə baş verən hadisələr isə vəziyyətin yeni istiqamətə yönəldiyini göstərir. Atəşkəs təşəbbüsləri, vasitəçi dövlətlərin diplomatik fəallığı və beynəlxalq təşkilatların iştirakı sanki sülhə ümid yaradır. Amma bu ümidin gerçək sülhə çevrilməsi hələ sual altındadır.
Bu gün dünya ictimaiyyətini düşündürən əsas məsələ budur: hazırkı atəşkəs cəhdləri əvvəlkilərdən nə ilə fərqlənir və bölgədə davamlı sabitlik üçün hansı zəminlər yaranır?
Mövzu ətrafında aparılan müzakirələrdə bir çox suallar gündəmə gəlir — Həmasın məqsədləri, İsrailin mövqeyi, ABŞ və region ölkələrinin rolu, eləcə də siyasi liderlərin şəxsi maraqları bu prosesə necə təsir göstərəcək?
Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Crossmedia.az-a öz fikirlərini bölüşüb..
— Yaxın Şərqdə son günlərdə atəşkəslə bağlı danışıqlar intensivləşib. Amma bu, ilk dəfə deyil. Əvvəllər də oxşar təşəbbüslər olub və nəticəsiz qalıb. Sizcə, bu dəfə vəziyyət fərqlidirmi?
— Əvvəllər də bir neçə dəfə atəşkəs təşəbbüsləri olub, lakin sabitlik təmin edilməyib. Bu dəfə fərqli cəhət odur ki, prosesə qarantiya verən dövlətlər birbaşa cəlb olunub. Həmas da məhz bu səbəbdən daha ciddi mövqe nümayiş etdirir. Onların əsas məqsədi atəşkəsin dayanıqlı və qarantili şəkildə təmin olunmasıdır. Məsələn, ABŞ prezidenti Donald Trump da bu istiqamətdə müəyyən zəmanətlər verməyə çalışır.
— Həmasın bu danışıqlarda əsas tələbləri nələrdir?
— Həmasın iki əsas tələbi var. Birincisi, İsrail qüvvələrinin bəzi ərazilərdən çəkilməsi və həmin bölgələrin nəzarətinin fələstinlilərə verilməsi məsələsidir. İkincisi isə, xarici və ya beynəlxalq sülhməramlı qüvvələrin bölgəyə göndərilməməsidir. Yəni, Həmas istəyir ki, danışıqlardan sonra yaranacaq idarəetmə tam yerli tərəflərin nəzarətində olsun.
— Bu mərhələdən sonra hansı proseslər gözlənilir?
— Atəşkəs razılaşmasından sonra növbəti mərhələ idarəetmə mexanizminin formalaşdırılması və yeni hökumət strukturunun fəaliyyətə başlaması olacaq. Əsl çətinlik məhz buradadır. Lakin bu mərhələdə Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və Misirin iştirakı balanslı mühit yaradır və İsrail tərəfinin atəşkəsi pozmaq ehtimalını minimuma endirir.
— ABŞ Prezidentinin bölgəyə səfəri gözlənilir. Bu səfərin əsas məqsədi nə ola bilər?
— Prezidentin məqsədi təkcə İsraili dəstəkləmək deyil, həm də Yaxın Şərqdə ABŞ-ın zəifləyən imicini bərpa etməkdir. Qətər hadisələrindən sonra Vaşinqtonun bölgədəki nüfuzu azalmışdı. Bu səfərlə həm ərəb ölkələrinin könlünü almağa, həm də öz diplomatik mövqeyini gücləndirməyə çalışacaq. Yəni, o, bölgəyə “atəşkəsi təmin edən lider” obrazında qayıtmaq istəyir.
— Bəs bu proseslər İsrailin baş naziri Netanyahunun siyasi taleyinə necə təsir göstərə bilər?
— Netanyahunu hakimiyyətdə saxlayan əsas amil — müharibənin davam etməsi idi. Müharibə onun üçün siyasi “qalxan” rolunu oynayırdı. ABŞ və bəzi qərb mərkəzləri uzun müddətdir ki, onun hakimiyyətdən uzaqlaşdırılmasını gündəmdə saxlayır. Lakin görünür, prezidentlə Netanyahunun arasında müəyyən gizli razılıq mövcuddur.
Prezident əvvəlki dövrlərdə də İsrailin məhkəmə sisteminə təsir göstərməyə çalışmış, Netanyahunun barəsindəki cinayət işlərinin yüngülləşdirilməsi üçün addımlar atmışdı. İndi də ehtimal var ki, o, bu dəfə də eyni zəmanəti verir yəni, “müharibəni dayandır, səni siyasi və hüquqi cəhətdən qoruyaram.” Bu, Netanyahunun da razılaşmalara meylli olmasının əsas səbəblərindən biridir.
— Atəşkəs təmin olunduqdan sonra regional aktorların (Qətər, Türkiyə, Misir və s.) rolu və sülhün uzunmüddətli təminatı üçün hansı mexanizmlər vacib olacaq?
— Regional aktorların əsas funksiyası — monitorinq, saxlama mexanizmləri və insani yardımın təminatıdır. Uzunmüddətli sülh üçün isə üç əsas prinsip vacibdir:
1. Qarantiya mexanizmlərinin beynəlxalq səviyyədə qəbul olunması,
2. Mülki idarəetmənin gücləndirilməsi,
3. Üçüncü tərəflərin (regional və beynəlxalq) davamlı siyasi və iqtisadi dəstəyi.
Elmir Heydərli
22:32 09.10.2025
Oxunuş sayı: 2161