ABŞ-nin Yaxın Şərqlə bağlı məqsədi açıqlandı: "Diplomatik arxitektura qurmaq..."

ABŞ dövlət katibi Marko Rubio "CBS News" telekanalına açıqlamasında deyib ki, Fələstinin "HƏMAS" hərəkatı Trampın təklif etdiyi düsturla razılaşıb, ona görə də girovların azad edilməsi üçün şərait yaradılmalıdır:
“Düşünürəm ki, israillilər və hamı anlayır ki, zərbələr davam edərkən girovları azad etmək olmaz, ona görə də zərbələr dayandırılmalı olacaq. Bu müddət ərzində müharibə ola bilməz".
Nəhayət, Yaxın Şərqlə bağlı ümid işığı görünür. İsraillə HƏMAS arasında artıq atəşkəs elan olunub. Lakin bu, hələ sülh demək deyil.
Siyasi şərhçi Nigar Allahverdiyeva Rubionun səsləndirdiyi fikirlər barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Sizcə,
İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları tamamilə dayandırması real görünürmü?
- Hazırkı mərhələdə İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları dayandırması tam real görünmür. Bunun bir neçə səbəbi var. Birincisi, İsrail siyasi və ictimai müstəvidə “təhlükəsizlik zərurəti” arqumentinə əsaslanır. Tel-Əviv üçün HƏMAS hərəkatının tam neytrallaşdırılması hələ də prioritet məsələ olaraq qalır. İkincisi, daxili ictimai rəy və siyasi təzyiqlər hökumətin hərbi əməliyyatları dayandırmasına mane olur. İsrail cəmiyyətində hələ də “tam qələbə” narrativi güclüdür və bu, Netanyahu hökumətinin əsas siyasi dayağına çevrilib. Digər tərəfdən, humanitar fəlakətin dərinləşməsi və beynəlxalq təzyiqlərin artması hərbi əməliyyatların müvəqqəti dayandırılması ehtimalını artırır. Bu, xüsusən də ABŞ-nin vasitəçilik səyləri nəticəsində baş verə bilər. Bir sözlə, əməliyyatların tam dayandırılması deyil, müvəqqəti atəşkəs və ya “humanitar fasilə” daha çox real ssenaridir.
- Ümumilikdə bu proses
Yaxın Şərqdə atəşkəsin başlanğıcına çevrilə bilərmi?
- Əgər Tramp administrasiyasının təklif etdiyi "düstur", yəni girovların azad olunması müqabilində zərbələrin dayandırılması praktik müstəviyə keçərsə, bu lokal atəşkəsin başlanğıcı ola bilər. Lakin bu, genişmiqyaslı və davamlı sülh prosesinin başlanğıcı kimi dəyərləndirmək hələ tezdir. Yaxın Şərqdə atəşkəsin davamlı olması üçün üç əsas faktor lazımdır: HƏMAS və İsrail arasında qarşılıqlı etimadın minimal səviyyədə bərpası; Beynəlxalq vasitəçilik mexanizmlərinin (xüsusilə ABŞ, Misir və Qətərin) real təminat verə bilməsi; Regional güclərin, xüsusilə İran və Səudiyyə Ərəbistanının mövqeyinin balanslaşdırılması. Əks halda atəşkəs yalnız taktiki xarakter daşıyacaq, yəni tərəflər müvəqqəti nəfəs alma mərhələsinə keçəcək, lakin uzunmüddətli sabitliyə gətirməyəcək.
- Marko Rubionun bu açıqlaması ABŞ-nin Yaxın Şərq siyasətində yeni istiqamətlərin yaranmasına işarədirmi?
- Rubionun açıqlaması ABŞ-nin Yaxın Şərq siyasətində taktiki ton dəyişikliyinin mümkünlüyünə işarə edir, amma bunu hələ strateji dönüş nöqtəsi kimi qiymətləndirmək olmaz. Onun ifadə etdiyi mövqe daha çox Vaşinqtonun bölgədə vasitəçilik və idarəolunan sabitlik siyasətinə qayıdış cəhdini əks etdirir. Rubionun vurğuladığı “Trampın təklif etdiyi düstur” anlayışı ABŞ administrasiyasının reallıq əsaslı diplomatiya (realpolitik) yanaşmasına qayıtdığını göstərir. Bu yanaşma ABŞ-nin praqmatik maraqlara əsaslanan siyasət yürütməyə üstünlük verdiyini ortaya qoyur, yəni Vaşinqton indi münaqişələri idarə edilə bilən risklər və qarşılıqlı güzəştlər əsasında tənzimləməyə çalışır. Bu həm də ABŞ-nin bölgədə müharibə sonrası diplomatiyanın dizayn mərhələsinə keçdiyini göstərir. Vaşinqtonun məqsədi İsrailin təhlükəsizlik maraqları ilə ərəb dünyasının humanitar tələbləri arasında tarazlıq yaradan diplomatik arxitektura qurmaqdır. Bununla ABŞ həm öz vasitəçilik nüfuzunu bərpa etməyə, həm də İran və Rusiya kimi rəqiblərin regional təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Bununla belə, bu hələ tam istiqamət dəyişikliyi deyil. ABŞ Yaxın Şərqdə hərbi-siyasi öhdəliklərini azaltmağa, lakin diplomatik və iqtisadi təsirini artırmağa yönəlmiş “ağıllı güc” (smart power) konsepsiyasına uyğun yeni bir mərhələyə qədəm qoyur. Rubionun açıqlaması da bu siyasətin ilkin siqnalı kimi dəyərləndirilə bilər.
Fatimə Hacıəliyeva
14:55 09.10.2025
Oxunuş sayı: 1882