Sağlamlıq turizmi üzrə dövlət strategiyası hazırlanmalıdır - Deputat

Gələn ilin mart ayında bir çox xarici ölkələrin nümayəndələri tibbi turizm sahəsi ilə tanış olmaq üçün Azərbaycana gələcək. Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) 2-cü günündə bildirib. V.Qurbanov əlavə edib ki, vətəndaşların tibbi xidmətlərə əlçatanlığını təmin etmək hər zaman qarşıda duran məqsədlərdən olub: "Ölkədə vətəndaşlar üçün tez-tez yeni tibbi xidmətlər istifadəyə verilir. Əsas hədəf dünyada olunan yeniliklərin ölkənin səhiyyə sisteminə inteqrasiyasını təmin etməkdir. Bu gün nəinki Azərbaycanda, eləcə də dünyada səhiyyə sistemində əsas problemlərdən biri kadr çatışmazlığıdır. Biz də ölkədə bu problemin qarşısını almaq üçün tədbirlər görürük"- deyə o əlavə edib.
Maraqlıdır bəs bu yeni layihənin hansı üstünlükləri var?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva beynəlxalq bazarda Azərbaycanın tibbi potensialının tanıdılmasının çox önəmli hal olduğunu bildirib: "Ölkəmizdə tibbi turizm üçün kifayət qədər imkanlar, təbii resurslar mövcuddur. Məsələn, Kəlbəcərdə İstisu mineral bulağı ətrafında lazımi infrastrukturun qurulması buranı dünyaca məhşur kurort zonasına çevirə bilər.
Bundan başqa, kurort və reabilitasiya xidmətlərinin inkişafına dəstək (Naftalan, Qalaaltı, Lənkəran və s.) olunması ilə sağlamlıq turizmində yeni imkanlar yaradıla bilər. Xarici investisiya, özəl şirkətlərin bu işə cəlb edilməsi ilə ölkədə sahibkarlığın inkişafına təkan verilmiş olar".
Deputat həmçinin bunun üçün özəl klinikalar, mehmanxanalar və turizm şirkətləri arasında tibbi turizm klasterləri yaradıla biləcəyini bildirib.
"Bunun üçün özəl klinikalar, mehmanxanalar və turizm şirkətləri arasında tibbi turizm klasterləri yaradıla bilər. Ən başlıcası isə düşünürəm ki, sağlamlıq turizmi üzrə dövlət strategiyasının hazırlanmasıdır" - deyə deputat qeyd edib.
Elmir Heydərli
17:17 24.09.2025
Oxunuş sayı: 888