Azərbaycanın dəniz nəqliyyatında yeni dövr: Bakı limanı yükdaşımaları artırıb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda dəniz nəqliyyatı sahəsində daşınan yükün həcmi 6 milyon 170 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 526,3 min ton və ya 9,3 % çoxdur. Daşınan yüklərin demək olar ki, yarısı neft məhsullarına aid olub, limanlarda isə 8,8 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin böyük hissəsi tranzit yüklər təşkil edib. Eyni zamanda, 2025-ci ildə ümumi nəqliyyat sektorunda daşınmış 158 milyon ton yükün yalnız 3,9 %-i dəniz yolu ilə həyata keçirilib. Sərnişin daşımalarına gəldikdə isə bu nəqliyyat növü ilə daşınan insanların sayı 8 % azalararaq 17,2 min nəfər təşkil edib.
Mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verən iqtisadiyyatçı, ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Bakı portu işə düşəndən sonra dəniz nəqliyyatı və yükdaşımaların həcmi artıb və ölkənin Orta dəhlizin bir parçası olaraq rolunu gücləndirib. “Orta dəhliz layihəsi Azərbaycanın şərq-qərb koridorunun mərkəzinə çevrilməsinə xidmət edir və nəticə etibarilə dəniz nəqliyyatı və yükdaşımalarında önəmli rol oynayır. Bakı portunun işə düşməsi və liman vasitəsilə yükdaşımaların artması ümumilikdə Azərbaycanın loqistik mərkəzə çevrilməsi üçün atdığı addımların doğru istiqamətdə olduğunu göstərir".
Mehriban Yariyeva
20:15 22.09.2025
Oxunuş sayı: 1269