Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

Sentyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi bəstəkar, musiqişünas alim, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, müxtəlif ali təhsil ocaqlarının rektorları, ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bildirib ki, 1995-ci ildən etibarən Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın doğulduğu gün, yəni 18 sentyabr tarixi ölkəmizdə Milli Musiqi günü kimi qeyd olunur. O, XVII Beynəlxalq Musiqi Festivalının bir gününün ADMİU-nun müəllim və tələbələrinin hazırladığı proqramla keçirilməsindən qürur və sevinc duyduğunu bildirib. Rektor gələcək nəsillərin Üzeyir Hacıbəyli irsinə layiq şəkildə yetişəcəklərinə və milli-mədəni kimliyimizə hər zaman sahib çıxacaqlarına inamını ifadə edib.
Daha sonra universitetin tələbələrdən ibarət Xalq çalğı alətləri orkestri (bədii rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurov) və ADMİU-nun “Xəzər” tələbə Xor kollektivinin (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) ifasında dahi bəstəkarın yaradıcılığına aid əsərlər ifa olunub.
Konsert proqramında ADMİU-nun dosenti, Azərbaycan və Özbəkistan respublikalarının Xalq artisti Gülyanaq Məmmədova “Çırpınırdı Qara dəniz” mahnısı ilə çıxış edib.
Tədbirin ikinci hissəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aysel Əzizovanın rəhbərliyi ilə ADMİU-nun rəssamlıq fakültəsinin tələbələri Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr etdikləri “Üzeyir sədaları” adlı geyim kolleksiyasını təqdim ediblər.
Sonra qonaqlar Rəssamlıq fakültəsinin müəllimlərinin əl işlərindən ibarət Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Günün son tədbirində Musiqi sənəti fakültəsinin tələbələri Gülyaz Həsənzadə və Toğrul Abıyev “Leyli və Məcnun” operasından “Görüş səhnəsi”ni ifa ediblər.
Sonda ADMİU Sabah qruplarının ifasında “Üzeyir bəy belə deyərdi: “Babalı Sərvərin boynuna” adlı performanslar nümayiş olunub. Performansların müəllifi İlqar Fəhmi, quruluşçu rejissor Gümhar Ömərdir.
17:14 22.09.2025
Oxunuş sayı: 895