2026-cı il büdcə layihəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması mühüm amillərlə şərtlənir - Deputat

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi yeni və mürəkkəb mərhələyə qədəm qoyub. Regional münaqişələr, qlobal güc mərkəzləri arasında rəqabət, hərbi-siyasi gərginliklərin artması dövlətlərin təhlükəsizlik strategiyalarına xüsusi təsir göstərir. Bu proses fonunda hər bir ölkə öz müdafiə qabiliyyətini möhkəmləndirmək, daxili və xarici təhlükəsizlik sistemini gücləndirmək istiqamətində ciddi addımlar atır.
Azərbaycan da bu reallıqların təsiri altında milli maraqlarını qorumaq, ərazi bütövlüyünü bərpa etdikdən sonra möhkəmləndirmək, həmçinin azad olunmuş ərazilərin təhlükəsizlik arxitekturasına inteqrasiyasını təmin etmək məqsədilə müdafiə xərclərinin artırılmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Dövlət büdcəsində bu sahəyə daha böyük vəsaitlərin ayrılması təkcə Ermənistan–Azərbaycan münasibətləri kontekstində deyil, eyni zamanda regional və qlobal miqyasda gedən proseslərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması bir sıra mühüm amillərlə şərtləndiyini qeyd edib: "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması bir sıra mühüm amillərlə şərtlənir. İlk növbədə, regional geosiyasi proseslər və qlobal miqyasda baş verən hadisələrin ümumi təhlükəsizlik arxitekturasına göstərdiyi təsir nəzərə alınır.
Digər vacib amillərdən biri isə ölkə ərazilərinin 20 faizinin 30 il müddətində işğal altında qalması, hazırda isə azad edilmiş torpaqların Azərbaycanın ümumi müdafiə və təhlükəsizlik sisteminə inteqrasiya olunması prosesidir. Bu, uzunmüddətli, böyük maliyyə resursları tələb edən bir prosesdir. Azad olunmuş ərazilərdə yaradılan infrastruktur yalnız mülki məqsədlərə deyil, həm də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət edir.
Bununla yanaşı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan təchizatla təmin olunması, hərbi hazırlığın ən son nümunələr əsasında qurulması da əsas hədəflərdəndir. Bu sahələr ciddi maliyyə vəsaiti tələb edir. Qlobal müstəvidə silahlanma yarışının güclənməsi də diqqətdən kənarda qalmır. Məsələn, Avropa İttifaqı 2030-cu ilə qədər müdafiə xərclərinə 800 milyard avro ayırmağı planlaşdırır. NATO isə üzv dövlətlərin müdafiə büdcələrinin ÜDM-in 5 faizi həcmində müəyyən edilməsinə dair qərar qəbul edib. Bunun 3,5 faizi silahlanmaya, 1,5 faizi isə infrastrukturun yaradılmasına yönəldilir. Rusiya isə büdcəsinin təxminən 40 faizini müdafiə və təhlükəsizlik sahəsinə ayırır.
Rusiya-Ukrayna müharibəsinin dördüncü ilində dünya təcrübəsi göstərir ki, xüsusilə sənaye dövlətləri iqtisadiyyatlarının mühüm hissəsini hərbi sənaye üzərində qurmağa başlayırlar. Məsələn, Almaniyanın ən iri müdafiə sənayesi şirkətlərindən biri olan Rheinmetall 2030-cu ilə qədər 300 milyard avro dəyərində sifariş portfelinə malikdir və 150 min insanı məşğulluqla təmin edir. Bu vəziyyət Rusiya–Ukrayna müharibəsindən öncə tamamilə fərqli idi".
Deputata həmçinin Azərbaycanın dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması yalnız Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində deyil, həm də regional və qlobal miqyasda formalaşan reallıqlar fonunda dəyərləndirildiyini qeyd edib.
"Bütün bu amillər göstərir ki, Azərbaycanın dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinin artırılması yalnız Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində deyil, həm də regional və qlobal miqyasda formalaşan reallıqlar fonunda dəyərləndirilməlidir"- deyə o əlavə edib.
Elmir Heydərli
11:46 18.09.2025
Oxunuş sayı: 3179