Trampın Azərbaycan Prezidentinə məktubunda diqqətçəkən məqam: - Cənubi Qafqazda nə baş verəcək?
ABŞ Prezidenti Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirib, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə edib. Kaleb Orr vurğulayıb ki, Donald Trampın “Bakı Enerji Həftəsi”nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.
Sözügedən məktubu politoloq Oktay Qasımov Crossmedia.az-a şərh edib:

“Trampın prezidentimizə göndərdiyi məktubda bir neçə məqam xüsusi diqqət çəkir. Belə ki, bu məktubla Tramp Amerikanın Cənubi Qafqaza verdiyi önəmi nümayiş etdirir. Digər tərəfdən, sənəd ötən il 8 avqustda Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda keçirdiyi görüş və əldə olunan razılaşmalara ABŞ-nin sadiqliyini də ifadə edir. Eyni zamanda gələcəyə yönəlik mesajlar da ehtiva olunur. Həmin razılaşmalarda Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin edilməsi xüsusi məqam kimi qeyd olunub. Bu məktubda da iyun ayında sülh və müzakirələrin davam etdirilməsi vurğulanır. Yəni mesaj ondan ibarətdir ki, Ermənistanda keçirilən seçkilərdə hazırkı baş nazir Nikol Paşinyanın qələbə qazanacağı və sülh tərəfdarlarının hakimiyyətdə qalacağı təqdirdə Azərbaycanla münasibətlərin daha da dərinləşməsi istiqamətində konkret addımlar davam etdiriləcək. Bunun müqabilində, Paşinyanın qələbəsi halında referendumun keçirilməsi, müvafiq dəstəyin əldə olunması və daha sonra sülh müqaviləsinin imzalanması nəzərdə tutulur”.
Politoloq bildirib ki, Trampın sülh məsələsinə həssas yanaşması məlumdur və o, hakimiyyətə gələrkən də sülh vədləri ilə çıxış edib:
“Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması Trampın daxili siyasi maraqlarına da uyğundur. Çünki gələcək aralıq seçkilərdə bu, vacib təbliğat tezisi kimi seçicilərə təqdim oluna bilər. Bundan başqa, enerji sahəsində əməkdaşlıq və onun sülh prosesinə təsiri də xüsusi əhəmiyyət daşıyır. Gələn aydan etibarən Zəngəzur dəhlizi və "Tramp marşrutu" ilə bağlı real işlərin başlanması gözlənilir. Bu layihələrin həyata keçirilməsi Ermənistanın blokadadan çıxmasına şərait yarada bilər. Eyni zamanda həmin dəhlizlərdən keçəcək enerji xətlərinin Ermənistan tərəfindən istifadəsi mümkün olacaq ki, bu da sülh prosesinə ciddi töhfə verəcək”.
O.Qasımovun fikrincə, əməkdaşlıq, qarşılıqlı iqtisadi əlaqələr və sabitliyin bölgədə sülhə töhfə kimi qiymətləndirilməsi bu kontekstdə xüsusi əhəmiyyət daşıyır: “ABŞ administrasiyası bu istiqamətdə müəyyən addımlar atmaqda maraqlıdır və xüsusilə 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmaların icrasını diqqətdə saxlayır”.
Fatimə Məmmədova
12:33 03.06.2026
Oxunuş sayı: 66