Azərbaycanla İran arasında sərhəd açılır?
Azərbaycan və İran arasında sərhədlərin açılması məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Son dövrlər iki ölkə arasında sərhəd təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri ilə bağlı təmasların intensivləşməsi fonunda sərnişin keçidlərinin bərpası ehtimalı da gündəmdədir. Uzun müddətdir bağlı qalan sərhədlərin açılması xüsusilə sərhədyanı bölgələrdə iqtisadi fəallığın artmasına, ticarət əlaqələrinin genişlənməsinə və əhalinin sosial rifahına müsbət təsir göstərə biləcək addım kimi qiymətləndirilir.

Hərbi ekspert Səxavət Məmmədov Crossmedia.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı razılaşma əldə olunub.
Ekspertin sözlərinə görə, yük daşımaları hazırda fasiləsiz həyata keçirilsə də, sərnişin hərəkətinin və sərhədlərin tam açılmasının iqtisadi və sosial təsiri daha böyük olacaq: “Yük daşımaları onsuz da davam edir. Həm İran ilə bağlı sərhəddə, həm Gürcüstan ilə bağlı sərhəddə, həm Rusiya ilə bağlı sərhəddə yük daşımalarla bağlı heç bir problem yoxdur. Əsas məsələ sərnişinlərin hərəkəti və sərhədlərin açılması ilə bağlı məsələlərdir. İranla sərhədin uzun müddət bağlı qalmasının əsas səbəbi regiondakı geostrateji risklər idi. Əsas məsələ İran ətrafında baş verən proseslər, o cümlədən müharibənin olma ehtimalı idi. Ona görə də İranla bu yöndə danışıqlar o qədər ciddi aparılmırdı və ya aparılsa da nəticə vermirdi. Amma indiki mərhələdə görülən odur ki, İranla ABŞ arasında müharibə ehtimalı bir qədər azaldı”.
S. Məmmədov vurğulayıb ki, sərhədlərin bağlı qalması sərhədyanı ərazilərdə kiçik və orta biznesin, məşğulluğun ciddi zərbə almasına səbəb olub: “Biz nəzərə almalıyıq ki, məsələn, gürcülər gəlib Azərbaycanda hansısa iş görürdülər, azərbaycanlılar gedib Gürcüstanda hansısa iş görürdülər. Onlar gəlib buradan nələri alırdılar, bizimkilər gedib oradan nələri alırdılar. Sərhəd işləyəndə burada ciddi gəlirlər əldə olunurdu və məşğulluq da var idi. Amma sərhədlər bağlı olanda bu sahə öldü. Gürcüstandan gətirib Azərbaycanda məhsul satan, Azərbaycandan məhsul aparıb Gürcüstanda satanlar üçün qurulmuş biznes tamamilə sıradan çıxdı. İranla bağlı məsələ də eynidir. Məsələn, mən Batumidən Türkiyə ərazisinə piyada keçərkən səhər sərhəddə böyük insan axını görürdüm. Məlum oldu ki, bu insanlar Gürcüstandan Türkiyəyə işləməyə gedirlər. Türkiyədən də bəzi insanlar gəlir, onlar da Gürcüstan ərazisində işləyirlər. Bu, dünyanın hər yerində belədir. Sərhəd ərazilərində yaşayan əhali dolanışığını, biznesini və inkişafını sərhəd üzərindən qurur”.
S. Məmmədov hesab edir ki, indiki mərhələdə sərhədlərin mərhələli açılması həm iqtisadi, həm də sosial baxımdan vacibdir: “İndiki mərhələdə sərhədlərin müəyyən mənada açılmasında fayda var. Bu təkcə iki ölkə arasındakı münasibətlərlə bağlı deyil. Hesab edirəm ki, İranla Azərbaycan arasında, ümumiyyətlə sərhədlərin açılmasında həm iqtisadi cəhətdən, həm də digər cəhətdən çox vacib məsələdir, çox əhəmiyyətli məsələdir və ümid edirəm ki, qısa zamanda bu baş tutar”.
Nigar Xəlilli
11:51 03.06.2026
Oxunuş sayı: 62