Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanır?
Azərbaycan və Ermənistan arasında çoxillik münaqişə fonunda rəsmi nümayəndələrin ritorikasındakı hər bir konstruktiv detal Cənubi Qafqazın gələcək mənzərəsini formalaşdıran mühüm siqnal kimi qəbul edilir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın Bakıya səfər etmək istəyi və bu imkanı qaçırdığı üçün təəssüf hissi keçirməsi sadəcə diplomatik nəzakət deyil, iki ölkə arasında buzların əriməsinə yönəlmiş simvolik bir addımdır. Regionda de-yure sülhün bərqərar olması və iqtisadi-logistik layihələrin tam gücü ilə işə düşməsi üçün bu növ qarşılıqlı təmaslar etimad mühitinin gücləndirilməsində fundamental rol oynayır. Lakin şifahi bəyanatların real müstəvidə dayanıqlı sülhə çevrilməsi üçün həm Ermənistan cəmiyyətindəki radikal narrativlərin dəyişməsinə, həm də beynəlxalq platformalarda praktiki addımların atılmasına ciddi ehtiyac var. Çünki keçmişin nifrət və stereotiplərini geridə qoymaq yalnız rəsmi Bakının yaratdığı təhlükəsizlik mühitindən faydalanmaqla deyil, İrəvanın daxildə və xaricdə nümayiş etdirəcəyi birmənalı, sülhə hədəflənmiş siyasi iradəsi ilə mümkündür. Son dövrlər müşahidə olunan bu növ müsbət impulslar isə regionda qarşılıqlı etibara əsaslanan yeni bir dövrün qapısını açmaq potensialına malikdir.

Mövzu barədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a danışıb: "Məsələyə iki ölkə arasında normallaşma prosesinin tərkib hissəsi kimi baxılmasının tərəfdarıyam. İstisna edilmir ki, bu səviyyəli rəsmilər yaxın gələcəkdə ölkəmizə səfər etsin, eyni zamanda bizdən ora səfər olsun. Bu kimi addımlar etimad mühitinin gücləndirilməsinə xidmət edir. Zaman-zaman hər iki ölkədə qlobal, regional tədbirlər baş tutur, əlbəttə ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bizə de yure sülhə daha da yaxınlaşdırır. Bu gün iki ölkə arasında iqtisadi münasibətlər qurulur və sülh müqaviləsi imzalanarsa, bu münasibətlər daha da dərinləşə bilər. Bu isə, bağlantı layihələri, maneəsiz keçid baxımından region üçün əlverişli imkanlarının və yeni investisiya mühitinin formalaşması deməkdir. Lakin Ermənistanda bəzi qüvvələr, həmçinin, erməni diaspor və lobbisi regionu keçmişə qaytaran, nifrəti aşılayan narrativləri gündəmə gətirməyə davam edirlər. Bu baxımdan erməni lobbisinin maliyyəsi ilə Avropanın bir sıra ölkələrinin parlamentlərində Azərbaycan əleyhinə əsassız, qərəzli qətnamələr qəbul olunur. Yaxşı olardı ki, Simonyan özü də bir Parlament spikeri kimi Avropa Parlamentində və ya AŞPA-da irəli sürülən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı cəhdlərə münasibət bildirsin. Əgər Ermənistan, həqiqətən də, sülhü istəyirsə, sabitliyi təhdid edən, əməkdaşlığa ziyan vuran bu kimi hallara ciddi təpki göstərməlidir".

Ədalət partiyasının sədri Mütəllim Rəhimli də öz fikirlərini bölüşüb: "Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaranmasının əsas şərtlərindən biri də ictimai etibarın əldə olunmasıdır. Bunun üçün Ermənistan rəhbərliyinin və ictimaiyyətinin ölkəmizə münasibətində köklü dəyişikliklər olmalıdır. İndiki halda Ermənistan parlamentinin sədri Simonyanın Azərbaycana gəlmək istəyini açıqlaması müsbət qiymətləndirilə bilər. Bu ictimaiyyət üçün də effektiv bir çağırışdır. Lakin şifahi bəyanatlar problemi bütövlükdə həll edə bilməz. Bunun üçün praktiki addımlara ehtiyac var. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub. Ermənistan rəhbərliyinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı üçün bütün lazımi şəraiti və təhlükəsizlik mühitini yaradıb. Bu mənada biz MDB-nin təhlükəsizlik nazirlərinin Bakıda keçirilən görüşündə Ermənistanlı nazirin iştirakını qeyd edə bilərik. Ermənilər uzun müddət qonşulara, xüsusilə də bizə qarşı nifrət ruhunda tərbiyə olunub. Onlar qonşularına düşmən kimi baxırlar. Bu ermənilərin faciəsidir. Tezliklə bu ifrat radikal düşüncələrini dəyişməsələr onlar indiki dəyişən dünyada məhv ola bilərlər. Ermənistanın indiki rəhbərliyi də bunu gördüyündən öz xalqına vaxtaşırı olaraq reallığı əks etdirən mesajlar verir. Simonyanın bəyanatı da mahiyyətcə ermənilərin xilasına xidmət edir. Ermənistan parlamentinin spikerinin açıqlaması xalqında olan səhv düşüncələrin aradan qaldırılması istiqamətində atılmış addım hesab edilə bilər. Bu isə iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcək. Real addımların atılması isə daha faydalı olardı. Bu artıq Ermənistanın niyyətinin sübutu olardı".
Turqut Ansari
11:11 03.06.2026
Oxunuş sayı: 52