Asiya Çövkən Çempionatı 2025: Daşkənddə qədim oyunun möhtəşəm nümayişi gözlənilir

2025-ci ilin Asiya Çövkən Çempionatı üçün hazırlıqlar yekunlaşmaq üzrədir. İdman həvəskarları həyəcanla bu möhtəşəm yarışın başlanmasını gözləyir. Bu çempionat, Asiyanın ən güclü çövkənçilərini bir araya gətirərək, onların bacarıqlarını sərgiləmələri üçün əvəzsiz bir fürsət təqdim edir. Komandalar həm taktiki, həm də fiziki cəhətdən özlərini sınayaraq, ən yüksək səviyyədə mübarizə aparacaqlar. Çempionatın yaxınlaşması ilə birlikdə, bu möhtəşəm idman tədbirinin azarkeşlər və iştirakçılar üçün unudulmaz anlar və yüksək səviyyəli idman təcrübəsi vəd etdiyi gözlənilir.
Bu çempionat oyunlarının yaxınlaşması ilə bağlı Crossmedia.az saytına açıqlama verən Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Emil Seyidov bu çempionatın Asiyada qədim atüstü oyununun populyarlığını artıracağını diqqətə çatdırıb: " Asiya Çövkən Çempionatı 2025 sürətlə yaxınlaşır! Bu möhtəşəm turnir qədim atüstü oyunu Asiyanın diqqət mərkəzinə gətirəcək və idmansevərlərə böyük həyəcan bəxş edəcək. Çempionatda Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Honq Konq, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan kimi güclü komandalar öz bacarıqlarını nümayiş etdirəcək.
Yarışlar paytaxt Daşkənddə yerləşən müasir Universal Horse Stable atçılıq mərkəzində baş tutacaq. Bu arenada tamaşaçılar sürət, mübarizə və ənənələrin vəhdətindən ibarət unudulmaz oyunlara şahid olacaqlar. Çövkən sadəcə bir idman növü deyil, həm də tariximizə, mədəniyyətimizə və milli dəyərlərimizə bağlı olan bir irsdir. Bu səbəbdən keçiriləcək çempionat iştirakçı ölkələr üçün yalnız qələbə uğrunda mübarizə deyil, həm də xalqlar arasında dostluq və əməkdaşlıq üçün əvəzsiz imkan olacaq ".
O, 2026-cı ildə Bakıda keçiriləcək 2-ci Dünya Çempionatı üçün iştirakçıların müəyyənləşməsi prosesinin də davam etdiyini bildirib: " Xatırladaq ki, Avropa Çempionatında Azərbaycan qızıl medala sahib çıxaraq tarix yazdı, gümüşü Malta, bürüncü isə Polşa qazandı. Ev sahibi kimi Azərbaycan avtomatik siyahıya daxil olub, digər iki Avropa təmsilçisi isə Malta və Polşa olacaq. Hazırda Daşkənddə keçirilən Asiya Çempionatında ilk iki yeri tutan komandalar Bakıya vəsiqə qazanacaq. Qarşıdakı aylarda keçiriləcək Afrika və Cənubi Amerika çempionatlarında da eyni qayda ilə ən yaxşı iki komanda seçiləcək. Beləliklə, ümumilikdə 9 komanda formalaşacaq, daha bir iştirakçı isə Beynəlxalq Federasiyanın xüsusi dəvəti ilə turnirə qatılaraq çempionata əlavə maraq və intriqa gətirəcək ".
Sonda E.Seyidov bütün bu proseslərin yalnız iştirakçıların deyil, həm də azarkeşlərin həyəcanını artırdığını vurğulayıb: " Çünki Bakıda keçiriləcək bu möhtəşəm final təkcə idman yarışı deyil, həm də dünyanın dörd bir yanından gələn ənənələrin, mədəniyyətlərin və dostluğun bayramı olacaq ".
Pərvin Hacıyeva
17:22 04.09.2025
Oxunuş sayı: 863