"Zəfər" şahmat turnirinin qalibləri Laçın və Zəngilanda quruculuq işləri ilə tanış olublar

Bir qrup məcburi köçkün məktəbliləri Laçın və Zəngilan rayonlarında aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.
Bu barədə Crossmedia.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Laçın və Zəngilanda Dövlət Komitəsinin bu ilin may ayında məcburi köçkün məktəblilər arasında keçirdiyi Böyük Qayıdışa həsr olunan "Zəfər" şahmat turnirinin qalibləri iştirak ediblər.
Məktəblilərə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. Onlar Laçın şəhəri və şəhərdə yerləşən Bayraq meydanı, Həkəri çayının sahilində salınan park və Zabux kəndi ilə yaxından tanış olublar. Həmçinin, məktəblilər Zabux kəndində salınan parkda şahmat oynayıblar.
Daha sonra Zəngilan rayonunun Ağalı kəndinə səfər edən infotur iştirakçıları kəndin mərkəzi meydanı və yaşayış evləri ilə tanış olublar. Ağalı kəndinə qayıdan həmyaşıdları ilə söhbətləşiblər.
14:36 01.09.2025
Oxunuş sayı: 715