Hindistan Pakistan üçün hava məkanı qadağasının müddətini uzadıb

Hindistan Pakistanın aviaşirkətləri və hava gəmiləri üçün uçuş qadağasını sentyabrın 24-ü səhərə qədər uzatdıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Indian Express" məlumat verib. Bu qərarla iki ölkə arasında hava məkanının qarşılıqlı bağlanması rejimi artıq beş aya yaxın müddətdir davam edir.
Əvvəlcə Pakistan bu ilin aprelində Pahalgamda baş vermiş terror aktından sonra Hindistan təyyarələrinin uçuşlarını məhdudlaşdırmışdı. Hindistan isə 30 aprel tarixində cavab olaraq oxşar tədbirlər gördü. O vaxtdan bəri hər iki ölkə bu qadağanı aylıq olaraq yeniləyir və aviaşirkətlərinin qarşı tərəfin hava məkanından istifadə etməsinə imkan vermir.
Bu qadağa Hindistan daşıyıcılarına ciddi təsir göstərib: həftədə təxminən 800 reys Pakistanın hava məkanını dolanmaq məcburiyyətində qalır, bu da uçuş vaxtının artmasına, yanacaq xərclərinin və logistik çətinliklərin çoxalmasına səbəb olur. Ən böyük zərəri isə beynəlxalq marşrutları əsasən qərb istiqamətində olan Air India aviaşirkəti çəkir – şirkətin hesablamalarına görə, illik itkilər 600 milyon ABŞ dollarına çata bilər.
Digər tərəfdən, Pakistan üçün təsir daha məhduddur: ölkənin əsas daşıyıcısı olan Pakistan International Airlines Hindistandan keçən cəmi bir neçə reys yerinə yetirir.
17:59 23.08.2025
Oxunuş sayı: 685