Pakistan Məkkə Alyansının əsas məqsədini açıqlayıb
Pakistan Türkiyə və Səudiyyə Ərəbistanı ilə yaradılan Məkkə Alyansının Yəməndə husilərə qarşı hücumlar həyata keçirmək məqsədi daşımadığını və ittifaq qüvvələrinin bu ölkəyə hücum üçün daxil olmayacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Səccad Heydər Xan mətbuat konfransında bildirib.
O, Məkkə Alyansının müdafiə məqsədli təşkilat olduğunu vurğulayıb. Sözçünün sözlərinə görə, ittifaq üç ölkəni mümkün hücumlardan qorumağı hədəfləyir. Buna görə də qüvvələr husilərə qarşı hücum keçirmək üçün Yəmən sərhədini keçməyəcək. Bununla belə, onlar Səudiyyə Ərəbistanının ərazisini müdafiə etmək və suverenliyini qorumaq üçün istifadə oluna bilər.
Xan qeyd edib ki, üç ölkə çəkindirmə imkanlarının təmin edilməsi, Səudiyyə Ərəbistanının suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələsində razılığa gəlib.
Onun sözlərinə görə, Pakistan Silahlı Qüvvələri 1982-ci ildən bəri Səudiyyə Ərəbistanında logistika dəstəyi, təlim və digər vəzifələri yerinə yetirir. Hazırda Pakistanın Ər-Riyadda xeyli sayda hərbçisi və resursları mövcuddur. Xan əlavə edib ki, təhdidlərin qiymətləndirilməsi və öz mandatına uyğun fəaliyyət göstərilməsi alyansın məsuliyyətindədir.
Pakistan rəsmisi Türkiyə ilə ölkəsi arasında uzunmüddətli siyasi və hərbi əlaqələrə də diqqət çəkib. O bildirib ki, Məkkə Alyansı haqqında saziş üç ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün ortaq platforma yaradır.
08:45 10.10.2026
Oxunuş sayı: 54