Vașinqtonda yeni geosiyasi arxitekturanın əsası qoyulur!

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda görüşməsi, müasir Cənubi Qafqaz tarixində dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Bu səfər və onun nəticələri sadəcə diplomatik görüş deyil, həm də uzunmüddətli geosiyasi transformasiyanın başlanğıcıdır. Mübaliğəsiz vurğulamalıyıq ki, biz hazırda yeni tarxi dönüșə şahidlik etməkdəyik.
Vaşinqtonda sülh sazişinin ilkin paraflanması faktiki olaraq iki əsas nəticə doğurur: Azərbaycan–Ermənistan münasibətlərində ilk dəfə olaraq üçtərəfli, Rusiyanın iştirakı olmadan diplomatik irəliləyiş baş verir. Və ABŞ özünü Qafqazın sabitlik arxitektoru kimi təqdim edir və bu bölgədəki qüvvələr balansını kəskin şəkildə dəyişir.
Prezident İlham Əliyevin bu prosesdə liderlik rolu isə aydın görünür. O, 2020-ci ilin Vətən müharibəsində əldə olunan hərbi qələbəni diplomatik və hüquqi üstünlüyə çevirə bildi. Ermənistanı sülhə razı salmaq üçün hərbi təzyiq, diplomatik çeviklik və geosiyasi balanslaşdırma alətlərindən eyni anda istifadə etdi.
Prezident göstərdi ki, o, yalnız torpaq alan sərkərdə deyil, həm də sülh gətirən siyasi liderdir. ABŞ səfəri bu baxımdan prezidentin dövlət quruculuğunda yeni mərhələyə keçidini təsdiqləyir: region daxilində və xaricində “sülh diplomatiyasının” əsas oyunçusuna çevrilmək.
907-ci Düzəlişin Dayandırılması isə yeni Strateji Yanaşma kimi qəbul edilməlidir.
1992-ci ildə qəbul edilən və Azərbaycanı ABŞ yardımından məhrum edən 907-ci düzəliş, Vaşinqton səfəri çərçivəsində faktiki olaraq tarixə çevrilir. Tramp administrasiyasının bu addımı bir neçə mənada əlamətdardır. İlk növbədə vurğulamaq lazımdır ki, artıq Vaşinqtonda Bakı yalnız enerji tərəfdaşı deyil, sabitliyin təminatçısı kimi qəbul olunur. Eyni zamanda bu qərar ABŞ-ın Ermənistan yönümlü siyasətdən neytral və ya Azərbaycanla daha dərin əməkdaşlığa yönəlməsinin əlamətidir.
Digər vacib məqam regional güc mərkəzlərinin dəyişməsi ilə bağlıdır. Rusiya və Fransanın vasitəçilik monopoliyası pozulur, ABŞ “oyun qurucu” roluna iddialıdır. Görüş zamanı ATƏT-in bədnam Minsk qrupundan imtina ediləcəyi ilə bağlı müștərək qərarın açıqlanacağının gözlənilməsi isə bunun bariz nümunəsidir.
ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Zəngəzur dəhlizinin açılması artıq yalnız regional məsələ deyil. Yeni konsepsiya – TRIPP (Trump Route for International Peace and Prosperity) – dəhlizi beynəlxalq iqtisadi və geosiyasi layihəyə çevirir. Bu, bir neçə strateji məqsədə xidmət etməsi baxımından əhəmiyyətlidir.
Dəhliz Azərbaycan və Türkiyəni quru yolla birləşdirməklə türk cümhiriyyətləri arasında enerji və nəqliyyat şəbəkəsinin genişləndirəcək.
Eyni zamanda dəhliz Ermənistan üçün iqtisadi alternativlər açacaq. Bu isə iqtisadi inkişaf imkanları deməkdir.
Dəhliz ABŞ-a “yeni İpək Yolu”nda strateji mövqe qazanmaq imkanı verəcək. Çinə qarşı iqtisadi alternativlər axtaran ABŞ üçün bu dəhliz real geoiqtisadi alətə çevrilir. Dəhlizin ABŞ konsorsiumları tərəfindən idarəsi İranın bölgədəki nəqliyyat dominantlığını zəiflədir.
Zəngəzur artıq yalnız bir dəhliz deyil, geosiyasi dönüş nöqtəsidir– burada həm enerji, həm geopolitika, həm də dövlətlərarası münasibətlərin yeni gələcəyi qurulur.
Vaşinqton görüşləri ilə faktiki olaraq bir neçə qlobal dinamika ortaya çıxır:
Rusiya marginallaşır – ənənəvi vasitəçi rolunu itirir, Cənubi Qafqazdakı proseslərə real təsir imkanları zəifləyir;
Avropa İttifaqı passiv qalır – Brüsselin uzun müddət davam edən dialoq təşəbbüsləri konkret nəticə vermədi;
ABŞ gücünə əsaslanan diplomatiyaya qayıdır – Tramp administrasiyası vasitəçilik deyil, qəti alqoritm təklif edir: müqavilə, nəzarət, nəticə.
Azərbaycan regional liderliyini bərkitmiş olur – Bakı həm diplomatik iradə göstərir, həm də iqtisadi və təhlükəsizlik baxımından təşəbbüskar mövqe tutur.
Bütün bu məqamlardan isə belə nəticəyə gələ bilərik ki, sülh müqaviləsi sadəcə kağız deyil – Yeni Dünya Nizamının Kodudur!
Azərbaycan–Ermənistan sülh müqaviləsinin Vaşinqtonda paraflanması və ABŞ-ın bu prosesdə aktiv iştirakının təmin olunması təkcə region üçün deyil, qlobal düzən üçün də önəmlidir.
Prezident İlham Əliyev bir daha sübut etdi ki, sülhü hərbdən əldə etmək olar, amma onu diplomatik çevikliklə davam etdirmək də olduqca önəmlidir. O, həm sülh üçün risk almağa, həm də regional və qlobal maraqlar arasında balans yaratmağa hazır olduğunu göstərdi.
Bu, Azərbaycanın yalnız torpaqlarını deyil, qürurunu, nüfuzunu və gələcəyini də geri qaytardığı yeni bir mərhələnin başlanğıcıdır!
Vüqar Zifəroğlu, Yaxın Şərq üzrə ekspert
00:16 09.08.2025
Oxunuş sayı: 9287
