Elmar Məmmədyarov: "Rusiya və Ukrayna arasında yaxın gələcəkdə ciddi irəliləyiş əldə olunma ehtimalı azdır"

Türkiyənin İstanbul şəhərinin Rusiya və Ukrayna arasında növbəti sülh danışıqlarına ev sahibliyi etməyə hazır olması diplomatik səylərin davamı kimi böyük önəm daşıyır. Hazırkı şəraitdə tərəflərin mövqeləri hələ də kəskin fərqlidir və buna görə ciddi irəliləyişin yaxın perspektivdə mümkünlüyünə inam zəifdir. Lakin dialoq və danışıqlar münaqişənin həllində əsas şərtdir, çünki müharibə insan itkisi və dağıntılarla nəticələnir. Ümid edilir ki, gələcək görüşlər vasitəsilə sülhə doğru addımlar atılacaq və regionda sabitlik bərqərar olacaq.
Mövzu ilə bağlı Crossmedia.az saytına danışan keçmiş xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşlər həmişə böyük fayda və önəmə malikdir. Onun fikrincə, sülh yolu ilə problemlərin həlli hər zaman savaşdan daha məqbul və insanlıq üçün daha faydalıdır. “Hesab edirəm ki, sülh danışıqları və görüşlər münaqişənin həllində ən doğru yoldur,” – deyə o vurğulayıb.
E.Məmmədyarov hazırkı vəziyyəti real qiymətləndirərək əlavə edib ki, reallıqda yaxın gələcəkdə ciddi irəliləyiş əldə etmək ehtimalı zəifdir, çünki həm Ukraynanın, həm də Rusiyanın mövqeləri tamamilə fərqlidir və bu mövqelər arasında hələ böyük uçurum mövcuddur. Buna baxmayaraq, ekspert hesab edir ki, danışıqların aparılması və dialoqun davam etdirilməsi vacibdir, çünki görüşlər olmadan vəziyyətin yaxşılaşması mümkün deyil.
O, müharibələrin ağır nəticələrinə diqqət çəkərək bildirib: “Müharibələr həmişə ağır nəticələrə, insan itkilərinə və dağıntılara səbəb olur. Ona görə də münaqişələrin həllində danışıqlar və görüşlər hər zaman ən səmərəli və üstün vasitədir. Ümid etmək lazımdır ki, gələcəkdə tərəflər arasında ortaq məxrəcə gəlmək üçün daha çox fürsət yaranar və sülh bərqərar olar.”
Mehriban Yariyeva
15:17 21.07.2025
Oxunuş sayı: 1099