"Dünya İlham Əliyev nümunəsini bir daha özü üçün yəqin etdi” - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandırarkən Ukrayna xalqına məsləhət verib.
O, Ukrayna xalqına işğalla barışmamağı tövsiyə edib.
“Bu, bizim də etdiyimiz addım olub. Danışıqlar prosesi dövründə - mən 2003-cü ilin sonundan bu prosesin içində olmuşam - 17 il ərzində çoxsaylı təkliflər və görüşlər baş tutub. Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib”, - deyə Prezident əlavə edib.
Azərbaycan liderinin səsləndirdiyi fikirlər barədə Crossmedia.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Azərbaycan dünya tarixinə öz ərazi bütövlüyünü bərpa etməyin nümunəsini göstərdi: "Dünyada ərazi bütövlüyü problemi olan çox dövlət var. Azərbaycan isə göstərdi ki, bu problemi həll etmək üçün qətiyyət lazımdır. Hakimiyyətin xalqın arzularını hər zaman öndə tutması, siyasi, iqtisadi, diplomatik, hərbi potensiallılığın uğurlu istifadə edilməsi, ümumi problemin həllinə gətirib çıxardır. Və Azərbaycan qısa müddətdə bütün bunları bacardı. Bu gün, bu ağır şəraitdə Azərbaycanın Ukrayna ərazi bütövlüyünü dəstəkləməsi beynəlxalq hüquqa olan hörmətindən irəli gəlir. İnanıram ki, Prezident İlham Əliyevin dünənki çıxışı dünya mediasının, dünya siyasi dairələrinin diqqətində oldu. Dünya İlham Əliyev nümunəsini bir daha özü üçün yəqin etdi”.
Ayhan
12:00 21.07.2025
Oxunuş sayı: 1262