"Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Rusiya tərəfinə növbəti mesajdır” - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə deyib ki, Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb.
“Təəssüf ki, hadisədən yeddi ay keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Biz nə baş verdiyini bilirik və bunu sübut edə bilərik. Həmçinin əminik ki, Rusiya rəsmiləri də baş verənləri çox yaxşı bilirlər. Sual olunur - nə üçün onlar sadəcə hər hansı bir qonşunun edəcəyi addımı atmırlar?”, - Prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın tələbləri tamamilə təbiidir:.
“Bizim xahiş və tələblərimiz tamamilə məntiqlidir: qəzanı baş verməsində günahı etiraf etmək, təyyarəni vuran şəxsləri cəzalandırmaq, həlak olanların ailələrinə, zərərçəkənlərə və AZAL-a – itirilmiş təyyarəyə görə kompensasiya ödənilməsini təmin etmək”, - Prezident İlham Əliyev bildirib.
Prezidentin vurğuladığı kimi, xoşbəxtlikdən, pilotlar cəsarət, şücaət və peşəkarlıq nümayiş etdirdilər: "Onlar təyyarəni yerə endirməyi bacardılar, beləliklə biz onu itirmədik. Hadisə yerinə nə baş verdiyini araşdırmaq üçün qrup göndərən kimi, onlar dərhal məlumat verdilər və təyyarənin gövdəsinin deşiklərlə dolu olduğunu çəkdilər.
İçəridə qəlpələrdən yaralanmış iki nəfər var idi. Təyyarəni guya vuran Ukrayna dronunun olması fikri tamamilə gülüncdür. Təyyarəyə iki hücum olub. Beləliklə, təsəvvür edin: Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəfə alır, onu vurur, düşür, sonra yenidən hücum edir. Bu, uşaq bağçası üçün bir hekayədir. Biz nə baş verdiyini bilirik.
Bundan əlavə, Rusiyanın hava məkanı bağlı deyildi - təyyarəyə zərbədən bir neçə dəqiqə sonra bağlandı. Və bu da "Kovyor" əməliyyatını həyata keçirənlərin məsuliyyətidir, biz bunu belə adlandırırıq, nəticədə səma bağlandı. Bütün bunlar bu günkü gün kimi aydındır. Amma artıq yeddi ay keçib, bizim cavabımız yoxdur. Baş prokurorumuz müntəzəm olaraq Rusiya İstintaq Komitəsinin rəhbərinə məktublar göndərir. Lakin bütün məktublara bir cavab gəlir - istintaq davam edir. Biz onun başa çatmasını gözləyəcəyik, amma mən hesab edirəm ki, belə davranış əks-məhsuldardır.
Bu, bizim unutmağımıza səbəb olmayacaq. Biz unutmayacağıq. İndi biz hazırlayırıq və artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, bu məsələ ilə bağlı beynəlxalq məhkəmə instansiyalarına təqdim etmək üçün dosye hazırlayırıq. Başa düşürük ki, bu vaxt apara bilər. Malayziya avaşirkətinə məxsus "Boeing" təyyarəsi işində bu on ildən çox çəkdi. Biz on il gözləməyə hazırıq, amma ədalət zəfər çalmalıdır. Və təəssüf ki, qeyri-müəyyən vəziyyətdə qalmaqda olan bu məsələ Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermir”.
Dövlət başçısının səsləndirdiyi fikirlərlə bağlı Crossmedia.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib ki, AZAL təyyarəsininin vurulmasına görə Rusiyanın müvafiq addımların atmaması və qeyri-dost hərəkətləri qonşuluq münasibətlərinə bir zərbədir: "Çünki Rusiyadan biz qeyri-adi bir şeyi tələb etmirik və beynəlxalq normalar çərçivəsində bir dövlətin digərinə vurduğu zərərin ödənilməsini və günahklarların cəzalandırılmasını tələb edirik. Rusiyanın hərbi və mülki orqanları arasında koordinasiyanın olmaması üzündən və müəyyən şəxslərin öz işinə məsuliyyətsiz yanaşdığından təyyarəmizin vurulduğunu deyirik. Amma reallıq odur ki, Rusiyanın Havadan Hərbi Müdafiə qüvvələri tərəfindən təyyarəmizə iki dəfə atəş açılıb və düşünülmüş şəkildə təhlükəsiz qəza enişin edilməsinə imkan verilməyib”.
Deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Rusiya tərəfinə növbəti mesajdır: "Rusiya müxtəlif yollarla məsuliyyətdən qaçmaq üçün Azərbaycana təzyiq göstərmək cəhdlərindən çəkinərək qonşuluq münasibətlərin normallaşmasına və əvvəlki məcraya qayıtması üçün müvafiq addımlar atmalıdır. Dövlət başçımız bir daha bəyan etdi ki, Azərbaycan AZAL təyyarəsinin vurulmasına görə Ruisyadan məsələyə ədalətli yanaşaraq müvafiq addımların atılmasını tələb etməyindən çəkinməyəcəyini bildirdi. Həm də Rusiya müvafiq addımları atmayacağı təqdirdə beynəlxalq ədliyyə sisteminə müraciət olunacağını qeyd etdi. Rusiya bir dəfəlik anlamalıdır ki, qonşuluq münasibətlərini qoruyub saxlamaq üçün qarşılıqlı hörmət və ədalət prinsipi əsas rol oynayır. AZAL təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyəti rəsmi şəkildə etiraf etməməsi iki ölkə arasında münasibətlərdə böyük çat yaratmışdır. Bu baxımdan Rusiya yaxın qonşu, müttəfiq prinsiplərindən məsələyə yanaşmalı və qeyri-dost hərkətlərindən çəkinməlidir. Belə olan halda iki ölkə arasında münasibətlrin normal məcraya qayıdacağını hesab edirəm”.
Ayhan
11:46 21.07.2025
Oxunuş sayı: 7679