Güneyli fədailərin Sovet Azərbaycanında elmi nəaliyyətləri - ARAŞDIRMA

1946-cı ilin dekabr ayında böyük xəyanətlər nəticəsində Güney Azərbaycan Milli Hökuməti süqut etdi. Hesab edilir ki, faşist İran Pəhləvi rejiminin hərbi hücumu nəticəsində güneydən quzeyə 50 min insan mühacirət etdi. Bu mühacirətin tərkibinə Milli Hökumətin rəhbərləri, Azərbaycan Demokrat Firqəsinin mərkəzi və reqional təşkilatlarının rəhbərləri, milli dövlət quruculuğunda fəal iştirak edənlər və bir çox sadə insanlar daxil idi.
Qeyd edək ki, Azətbaycanın güney-quzey əlaqələri heç bir vaxt kəsilməyib. Ağır və mürəkkəb dövrlər olub. Lakin xalqın eyni bir millətə mənsub olması yaddaşlardan heç vaxt silinməyib və hər bir fürsətdə insanlar bu düşüncələrini ifadə etməyə çalışıblar.
1947-ci ildə Sovet Azərbaycanında da ağır illər idi. Müharibənin ağrı-acıları bitməmişdi. Bu illərdə 50 min mühaciri qəbul etmək, məskunlaşdırmaq və məşğul etmək də çox çətin idi. Bütün bunlara baxmayaraq güneyli qardaşlarına qucaq açan Azərbaycan xalqı ən qiymətli olanını əzizləri ilə bölüşdü, onları yerləşdirdi, təhsilinə, işinə və məşğuliyyətinə imkanlar yaratdı, onalara doğma bir münasibət sərgiləndi.
Güneyli mühacirlər Sovet Azərbaycanında müxtəlif sahələrdə fəaliyyət göstərməyə başladılar. Bu məqalədə yalnız yüksək təhsil almış və akademik fəaliyyətlə məşğul olan bir qrup güneyli mühacirin, güneydə fədai dəstələrində mübarizə aparmış insanların fəaliyyətini işıqlandırmağa çalışaq.
Mühacir fədailərin ilk akademik fəaliyyətini 1948-ci ildə A.K.Qervalın “1900-1909-cu illərdə İran uğrunda mübarizə və İranın oyanışı” mövzusunda doktorluq dissertasiyasının Bakı Dövlət Universitetinin nəşriyyatında (o zaman Azərbaycan Dövlət Universiteti) Hüseyin Ümidin redakrotlugu ilə çap olunmasıdır. 1950-ci illərdə elmi-tədqiqt işlərinin sayı xeyli artmağa başlayır. Azərbaycan Demokrat Firqəsinin rəhbərləri az bir müddətdə şərqşunaslıq, tarix, dilçilik, iranşunaslıq, klassik Azərbaycan ədəbiyyatı və şərq ədəbiyyatı sahəsində ciddi elmi tədqiqatlarını akademik mühitə təqdim etdilər.
1953-cü ildə Neyyar Hatəmi “Tehran dialekti” mövzusunda dissertasiya işini müdafiə edir və elmi dərəcə alır. Həmin ildə Əhməd Şəfai “Müasir fars ədəbi dilində mürəkkəb-tabeli cümlə” mövzusunda dissertasiya müdafiə edir.
1954-cü ildə Abdülhüseyin Aqahi Bakı Dövlət Universitetində “İranda marksist-leninist fəlsəfənin yayılmasında Tağı Eraninin rolu” mövzusunda namizədlik disertasiyasını müdafiə etdi. Eləcə də, “İranda tekstil işçilərinin iş şəraiti və əmək haqqı” mövzusunda Mehdi Keyhan müdafiə edərək alimlik dərəcəsi alır. Həmin ildə Şafiq Pənahi “Diapirik və duz tektonikasının müqayisəli təhlili” mövzusunda dissertasiyanı M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda müdafiə edir. Eləcə də, Mütəllib İrani “Hipertoniyalı, normadan və hipotenziv xəstələrdə arterial təzyiqin mövsümi tərəddüdləri və Bakı şəhərinin iqlim şəraitində hipertoniyanın gedişatının xüsusiyyətləri” mövzusunda dissertasiya işini bitirir və müdafiə edir. Cəfər Təqdisi “Azərbaycan SSR-də bitən Zaqafqaziya qarğıdalı bitkisinin farmakologiyası” mövzusunda disertasiya işini bitirir və tibb elmləri namizədi-elmi dərəcəsini alır. Bu ildə Rəhim Qazi “Kürdüstan Demokratik Partiyası - İran Kürdüstanında milli azadlıq hərəkatının təşkilatçısı və lideri (1945-1946)” adlı dissertasiya işini müdafiə edir. Qeyd etmək lazımdır ki, Azərbaycanda dissertasiyaların müdafiəsi əsasən rus dilində həyata keçirilirdi. Bu isə siyasi mühacirət etmiş güneylilər üçün əlavə çətinliklər yaradırdı.
“İran Xalq Partiyası proletariatın hegemonluğu ideyasının İranın tarixi inkişafının unikal şərtlərinə tətbiqi” mövzusunda dissertasiyanı Hüseyinqulu Bəhrami 1955-ci ildə müdafiə etdi. Həmin ildə Əbdülreza Azər “Müasir Azərbaycan dilində səs kateqoriyası” müvzusunda dissertasiya işini müdafiə edir. Həsən Zərinəzadə həmin ildə “Farsca Azərbaycan sözləri: (Səfəvilər dövründə)” mövzusunda dissertasiyasını bitirir və müdafiə edir. Bu ildə Həmid Məmmədzadə “İnqilabçı jurnalist və yazıçı Pişəvəri” mövzusunda dissertasiya işini müdafiə edir. Sonrakı illərdə apardığı tədqiqatları ilə şöhrət qazanmış alim uzun müddət Bakı Dövlət Universitetində professor olaraq fəaliyyət göstərir.
1956-cı ildə ADF-nin siyasi heyətinin üzvü və təcrübəli partiya təşkilatçısı Səməd Afiyət “Kiçik Qafqazın şimal-şərq hissəsinin yura vulkanik süxurlarının petroqrafiyası” mövzusunda dissertasiyanı Qırmızı Əmək Bayrağı ordenli, M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda müdafiə etdi. Həmin ildə Qafar Kəndli-Herisçi “1941-1946-cı illərdə Cənubi Azərbaycan demokratik ədəbiyyatının inkişafı” mövzusunda dissertasiyasını müdafiə edir. Qafar Kəndli sonrakı illərdə ciddi və dərin tədqiqatları ilə yanaşı çox sayda gənc alimlərin yetişdirilməsində iştirak etdi.
1957-ci ildə Q.Bicari “Saib Təbrizinin həyat və yaradıcılığı” mövzusunda tədqiqatını bitirərək dissertasiya işini uğurla müdafiə edir. Əhməd Əminzadə “Müasir mərhələdə İran Xalq Partiyası və Azərbaycan Demokrat Partiyasının milli müstəqillik uğrunda mübarizəsi” adlı dissertasiya işini müdafiə edir. 1957-ci ildə milli müstəqilli ideyalarını dissertasiya tədqiqatına daxil etmək böyük cəsarət tələb edirdi.
Tofik Bektaşı 1958-ci ildə “İki adi diferensial tənlik sistemi üçün bir xüsusi məsələ” adlı dissertasiyanı müdafiə etdi. Həmin ildə Mamed Talibi “Qamma və rentgen şüalarının bəzi yarımkeçiricilərə və yarımkeçirici sistemlərə təsirinin öyrənilməsi” başlıqlı dissertasiyanı müdafiə edərək alimlik dərəcəsi aldı. Bu ildə Əli Şəmidə “İran Xalq Partiyasının rəhbərliyi ilə İranda fəhlə və həmkarlar ittifaqı hərəkatı (1941-1946)” mövzusunda dissertasiya müdafiə edir. Ə.Şəmidə ADF-nin uzun müddət siyasi rəhbərliyində iştirak edir. Bu alim ciddi tədqiqatçı olmaqla yanaşı həmkarları tərəfindən əqidəli bir inqilabçı olaraq da xatırlanır.
1959-cu ildə Qulamhüseyin Beqdeli “Əvhədi Marağayanın həyat və yaradıcılığı” mövzusunda dessertasiya müdafiə edərək alimlik dərəcəsi alır.
1960-cı illər Güney Azərbaycan mühacirləri üçün akademik sahədə daha çox uğurlu illər hesab edilir. Əsəd Yaqubian “Dr. Tağı Erani - təhsil və təlim haqqında” sərlövhəli tədqiqatını 1960-cı ildə bitirir və ugurla müdafiə edir. Həmin ildə Mamed Dadaşzadə “1905-1911-ci illər İran inqilabı ərəfəsində Cənubi Azərbaycanda aqrar münasibətlər” mövzusunda dissertasiyasını müdafiə edir.
1961-ci ildə Cəlal Zahidi “İranda marksizm-leninizm ideyalarının yayılmasında yeni mərhələ (1941-1946)” mövzusunda dissertasiyasını müdafiə edir. Uzun müddət Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında dosent olaraq çalışan C.Zahidi ömrünün sonuna qədər ADF-nin siyasi heyətinin üzvü kimi fəaliyyətini davam etdirmişdir.
Həmin ildə İ.Behzadi “Rəvəndinin “Rəhət-əs-sudur və ayət-əssurur” essesi tarixi mənbə kimi: (Azərbaycan və qonşu ölkələrin tarixinə dair)” mövzusunda dissertasiya işini müdafiə edir. M.Pənahi “Bədənin müxtəlif funksional vəziyyətlərindən asılı olaraq təbii və təmizlənmiş naftalanın estrogenlərin sərbəst buraxılmasına təsirinin müqayisəli tədqiqi” mövzusunda dissertasiyanı müdafiə etdi. Nadir Fərzanə “Bir fazalı vəziyyətin təzyiqini təyin etmək üçün hesablama metodunun inkişafı ilə qaz kondensat yatağı sistemlərinin davranışının eksperimental tədqiqi” adlı dissertasiyanı ugurla bitirdi və müdafiə edərək alimlik dərəcəsi aldı.
1962-ci ildə A.Nəvai “İran Xalq Partiyasının orqanı olan “Rəhbər” qəzetinin xalq kütlələrinin maraqları uğrunda mübarizəsi” mövzusunda dissertasiya işini müdafiə edir. Həmin ildə Hüseyin Ciddi “Gülüstan qalasının tarixi-arxeoloji oçerki” adlı tədqiqatı bitirərək müdafiə edir. Bahruz Şakuri “Azov qaratorpaqlarında manqan, kobalt, mis, sink və molibdenin tərkibi və onların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsiri” mövzusunda dissertasiya işi müdafiə etdi. A.Qilani “Azərbaycan SSR-in Quba rayonunda alma ağacının kök tinglərinin böyüməsinə və inkişafına gübrələrin təsiri” mövzusunda dissertasiya müdafiə etdi.
1963-cü ildə İ.Hatəmi “İran mühacir qəzetlərinin müstəmləkəçilik və imperializmə qarşı mübarizəsi (1905-1911-ci illər İran inqilabı ərəfəsində)” mövzusunda tədqiqatını bitirir və dissertasiyasını müdafiə edir. Həmin ildə Məhəmməd Seyfəddini “XIV əsr elxanilərinin sikkələri” mövzusunda dissertasiya müdafiə edir. Bu ildə Seyidaga Onullahi “1951-1953-cü illərdə İran fəhlələrinin tətil hərəkatı” mövzusunda dissertasiya müdafiə edir. Siyasi fəaliyyətini bir gün belə dayandırmayan Seyidağa müəllim çox sayda elmi və siyasi-publisistik yazıların müəllifi oldu və ömrünün sonuna qədər tarix professoru olaraq fəaliyyət göstərdi. “Təbriz şəhərinin tarixi” sahəsində tədqiqatı bir tərəfdən onun doktorluq dissertasiyası oldu, digər tərəfdən müxtəlif xarici dillərə tərcümə edilərək alimə şöhrət qazandırdı.
M.Zehtabi bu ildə “Əbu Nəvasın həyat və yaradıcılığı” mövzusunda dissertasiya işini bitirir və müdafiə edir. İnayət Bektaşi “Abdullabəy Divanbəyoğlunun (Subxanverdixanov) həyat və yaradıcılığı” mövzusunda dessertasiya müdafiə edir. İ.Tariqpeyma “Doktor Tağı Eraninin ictimai-siyasi və dövlət-hüquqi baxışları” mövzusunda dissertasiya müdafiə edir. Əkrəm Bijə “Sovet-Türkiyə iqtisadi əlaqələri (1932-1939)” mövzusunda dissertasiya müdafiə edir. Əkrəm Bijə ADF siyasi heyətinin üzvü olaraq güneydə milli hərəkatın aktiv iştirakçısı olmuş və bütün həyatını Güney Azərbaycanda milli hökumətin, S.C.Pişəvərinin siyasi şəxsiyyətinin təbliginə həsr etmişdi. AMEA-nın Şərqşunaslıq İnstitutunun “Cənubi Azərbaycan şöbəsində” uzun müddət fəaliyyət göstərmiş və çox sayda elmi və siyasi-publisistik yazıların müəllifidir.
1964-cü ildə A.Fazili “Müasir İran tarixçilərinin əsərlərində qədim Azərbaycan tarixi” mövzusunda dissertasiyasını müdafiə edir. Bu ildə T.Cahani “Əssar Təbrizi və onun “Mehr və Müştəri” poeması” əsəsında yazılmış dissertasiya işini bitirərək müdafiə edir. Əli Minai “Müasir qrafika sənətində poetik obrazların tərcüməsi” mövzusunda orijinal bir tədqiqatı bitirir və disertasiya işini müdafiə edir. Fərəc Dəstguşadi “İran Azərbaycanı milli hökumətinin iqtisadi fəaliyyəti (1945-1946)” mövzusunda dissertasiya müdafiə edir. Yadulla Fərzanə “Qaz və qaz-kondensat yataqlarının işlənməsinin bəzi məsələləri” mövzusunda disertasiya müdafiə etdi. Nafulla Kudəri “Mirzə Məhəmməd İbn Əbdüs-Sabur Təbrizi Qobollinin tibbi baxışları” mövzusunda dissertasiyanı Bakıda, Tibb İnstitutnda bitirərək müdafiə edir. M.Bəhrami “Təkrarlanan zobun qarşısının alınması və müalicəsinin klinik və morfoloji xüsusiyyətlərinin öyrənilməsi üçün materiallar” adlı tədqiqatı Bakıda müdafiə edir. Cavad Təqdisi “Travmatik şok, onun qarşısının alınması və faza müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edir. Mütəllim İrani “Antikoaqulyantların uzunmüddətli və fasilələrlə istifadəsi nəticəsində təzə miokard infarktı və xroniki koronar çatışmazlığı olan xəstələrdə qan laxtalanma və antikoaqulyasiya sistemlərinin komponentlərində dəyişikliklər” adlı tədqiqatını bitirir və müdafiə edir.
1965-ci ildə İ.İbrahimi “İran Azərbaycanı xalqının milli azadlıq hərəkatında qadınların iştirakı (1941-1946)” mövzusunda dissertasiya işini müdafiə edir. İran xanım İbrahimi Azərbaycan Demokrat Firqəsinin rəhbər kadrlarından olmuş və siyasi fəaliyyətini bir gün belə dayandırmamışdır. 1979-cu ildə İranda İslam inqilabının qələbəsindən sonra yenidən Güney Azərbaycana qayıdaraq ADF qadınlar təşkilatına rəhbərlik etməyə başlayır.
Məmmədəli Şərifli “IX-XI əsrlərin ikinci yarısında Azərbaycanın feodal dövlətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Həmin ildə Mamed Azərlinin “Xəlifə Əbdülməlik ibn Mərvan və Azərbaycan islahatları (685-705)” mövzusunda dissertasiyası ugurla müdafiə olunur. Nəsrin Fəxri “Kürd dilində fel (Sorani və Kurmanci ləhcəsində)” mövzusunda dissertasiya müdafiə edir. Məmməd Təhmasib “Azərbaycan xalq dastanları: (Orta əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. B.Pişnamazzadə “Xloroesterlərin və efirlərin sintezi və transformasiyası sahəsində tədqiqatlar” adlı disertasiyasını Y.Məmmədəliyev adına elmi-tədqiqat institutunda müdafiə etdi. Əbdül Vətənyar “Şimali Əfqanıstanın aşağı təbaşir yataqlarının neft və qaz perspektivləri ilə bağlı litoloji və fasiya xüsusiyyətləri” adlı tədqiqatını M.Əzizbəyov adına Neft-kimya institutunda bitirdi və müdafiə etdi. Əli Məqribi “Çay hövzəsində mis və kükürdlü pirit filizlərinin yatağının geoloji, mineraloji və genetik xüsusiyyətləri. Kaşkəçay (Daşkəsən rayonu)” adlı tədqiqatını Bakıda, Qubkin adına elmi-tədqiqat institutunda bitirərək müdafiə etdi. B.Məhəmmədi “Azərbaycan SSR Lənkəran massivinin bal verən və bərbər bitkiləri və orada arıçılığın inkişafı” mövzusunda tədqiqatını bitirdi və müdafiə etdi. M.Mirnasira “Azərbaycan SSR-də mal-qaranın vibriozları və onlara qarşı mübarizə tədbirləri” tədqiqatını müdafiə etdi. Qurmus Fərivər “Azərbaycan şəraitində külək enerjisi rejimlərinin və külək turbinlərinin sabitləşməsinə nəzarət sistemlərinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi alır.
1966-cı ildə N.İsxaqi “Maku xanlıgının tarixi oçerki” adlı tədqiqatını bitirir və müdafiə edir. Həmin ildə M.Manafi “M.A.Talıbovun həyat və yaradıcılığı”mövzusunda yazılmış dissertasiyasını müdafiə edir. Xalq şairi Balaş Azəroglu M.Amaninin həyat və yaradıcılıgı” mövzusunda dissertasiya işini müdafiə edir. 21 Azər hərəkatının fəal üzvlərindən olmuş Balaş Azəroglu mühacirət illərində Sovet Azərbaycanında xalq şairi adına layiq görüldü və uzun müddət Azərbaycan Yazıçılar ittifaqında Güney Azərbaycan şöbəsinin müdüri olaraq fəaliyyət göstərdi.
B.Musəvi “Omba deformasiyasının təbiəti ilə əlaqədar osteotomiyanın müxtəlif üsullarının istifadəsi” mövzusunda disertasiyasını N.Nərimanov adına Tibb institutunda 1966-cı ildə müdafiə etdi. Əkbər Nəsudari “Azərbaycan florasından söyüdün bəzi növlərinin öyrənilməsi üçün materiallar” adlı disertasiyasını Bakıda Tibb institutunda müdafiə etdi. K.Pənahi “Kiçik Qafqazın şimal-şərq yamacında titan maqnetit qumdaşı yataqlarının geologiyası və maddi tərkibi” adlı disertasiyanı Qubkin adına elmi-tədqiqat institutunda müdafiə etdi. A.Pənahi “Mir-Bəşir rayonunun torpaq örtüyü və onun genetik və kənd təsərrüfatı xüsusiyyətləri (Azərbaycan SSR daxilində)” adlı tədqiqatını bitirdi və Gəncə şəhərində müdafiə edir. A.Təbətəbai “Təbii qazın mayeləşmiş yataqda və fışqıran adsorbent təbəqədə doldurulması və ayrılması texnoloji prosesinin tədqiqi və işlənməsi” mövzusunda dissertasiyanı Bakıda, Y.Məmmədəliyev adına institutda müdafiə etdi.
1967-ci ildə Mamed Şəmsi “Şərəf Xan Bidlisinin “Şərəf-namə” əsəri kürd xalqının tarixinə dair mənbə kimi” adlı dissertasiya işini müdafiə edir. Bu ildə Z.Enbari “İran xalqlarının CENTO paktına qarşı mübarizəsi (1955-1963)” mövzusunda dissertasiya müdafiə edir. Həmin ildə A.Dəvəliməhəmməd “Cənubi Azərbaycan milli hökumətinin yaranması və onun fəaliyyəti (1945-1946)” mövzusunda dissertasiya işini müdafiə edir. Əli Şəmidə “1906-1953-cü illərdə İranda fəhlə və həmkarlar ittifaqı hərəkatı” mövzusunda elmlər doktoru səviyyəsində dissertasiya işini ugurla müdafiə edir. A.Mamedi “Nəsiminin əsərlərində ərəb ifadələrinin forma və məzmununun bəzi xüsusiyyətləri haqqında” adlı dissertasiyası müdafiə olunur. A.Zahidi “Müasir ərəb dilində türk mənşəli sözlər” mövzusunda dissertasiya işini müdafiə edir. İsmayıl Cəfərpur “Cənubi Azərbaycan demokratik poeziyasının inkişaf yolları (1941-1960)” mövzusunda dissertasiya medafiə etdi. T.Cahani “Müasir ərəb ədəbi dilində başlanğıc felləri” mövzusunda dissertasiya işini müdafiə edir. K.Ağamali “Cənubi Azərbaycan demokratik ədəbiyyatında poema janrı (1945-1960)” mövzusunda disertasiya müdafiə edir. Əhməd Şəfai “Müasir fars dilində mürəkkəb cümlələr” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir. Həmid Məmmədzadə “Mirzə Fətəli Axundov və şərq” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Əsərləri ilə şöhrət qazanmış H.Məmmədzadə 1979-cu ilin fevral inqilabından sonra yenidən İrana qayıdır və uzun müddət Tehran Universitetində müəllimlik edir.
Həmin ildə Z.Nadiri “İranın xarici ticarəti (1953/54-1960/61)” mövzusunda dissertasiya müdafiə edir. Q.Şadimanpur Gəncə şəhərində “Qarışıq əkinlər və rasional şumlama sistemi vasitəsilə pambıq-yonca növbəli əkinlərində pambıq prekursorlarının yemlik və aqrotexniki dəyərinin artırılması” mövzusunda dissertasiyasını bitirdi və müdafiə etdi. S.Cahani “Azərbaycan SSR-in qərb zonasında hibrid toxumlarının alınması, bəzi pomidor sortlarının bioloji və təsərrüfat xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda tədqiqatını Gəncə şəhərində bitirdi. Babak Əsgəri “Azərbaycanın müxtəlif iqlim qurşaqlarında muskardin ipəkqurdunun tədqiqi və ona qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması” mövzusunda tədqiqatını Gəncə şəhərində bitirərək müdafiə etdi. S.Qaradaği “Azərbaycan SSR Lənkəran zonasında noxud xəstəlikləri və onlara qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi” mövzusundakı tədqiqatını Bakıda bitirərək müdafiə etdi. A.Vətənxah “Bəzi doymamış üzvi və üzvi element formallıqlarının sintezi və çevrilməsi sahəsində tədqiqatlar” adlı dissertasiyasını Y.Məmmədəliyev adına eimi-tədqiqat institutunda bitirərək müdafiə etdi.
1968-ci ildə Q.Dəlili “Urmiya xanlığının tarixi oçerki (XVIII əsrin II yarısı - XIX əsrin birinci rübü)” əsərini bitirir və müdafiə edir. Neyyar Hatəmi “Fars dilinin lüğət tərkibi və onun zənginləşdirilməsi yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Qulamhüseyin Beqdeli “Nizaminin “Xosrov və Şirin” poeması və bu mövzunun Şərq ədəbiyyatında inkişafı” mövzusunda doktorluq dissertasiya müdafiə edir. A.Əminzadə “Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikir tarixindən (XVII - XIX əsrin birinci rübü)” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. A.Haşimi “Şamaxı rayonunun torpaqları və onlardan üzümçülük üçün səmərəli istifadə” adlı dissertasiyasını bitirdi və müdafiə etdi. A.Purəzim “Mal-qarada teileriozun (Theileria annuiata törətdiyi) müalicə və profilaktikasında mikroelementlərin (kobalt, mis və sink) rolu” adlı disertasiyanı Bakıda müdafiə etdi.
1969-cu ildə Məmmədəli Müsəddiq “Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı” adlı tədqiqatını bitirir və müdafiə edir. M.Müsəddiq Azərbaycan Demokrat Firqəsinin uzun müddət fəal üzvlərindən olmaqla yanaşı, M.F.Axundov adına Milli Kitabxananın arxiv şöbəsinə rəhbərlik etmiş, Azərbaycan milli irsinin öyrənilməsi, tədqiqi, tərcüməsi və mühafizəsi ilə məşgul olmuşdur.
Həmin ildə Əbülfəz Hüseyin “Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edir. Dətabadi Azəri “Nəstəlik xəttinin bədii və çap xüsusiyyətləri” mövzusunda disertasiya müdafiə edir. Nur Əhməd Əzimi “Albaşlinski filiz yatağının strukturları və onun hematit filizlərinin genezisi” mövzusunda dissertasiyanı müdafiə etdi. A.Purjini “Əzaların tromboflebitinin müasir diaqnostikası və müalicəsi” adlı dissertasiyasını N.Nərimanov adına Tibb institutunda müdafiə etdi.
1970-ci il güney Azərbaycan mühacir tədqiqatçıları üçün uğurlu il olur. Məhəmməd Seyfəddini bu il “12-15-ci əsrin birinci yarısında Azərbaycanda sikkə zərbi” mövzusunda doktorluq disertasiyasını müdafiə edir. İsmayıl Şəms "Klassik ərəb dilində hal kateqoriyasının təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Qəmzə Fəthi-Xoşqinabi “İran ədəbi irsi ənənəsinin bəzi məsələləri və müasir fars bədii ədəbiyyatında yeniliklər” mövzusunda dissertasiya müdafiə edir. Ç.Sasanian “Nizaminin Leyli və Məcnun poeması” adlı tədqiqatını bitirir və müdafiə edir. Hacı Qasimi “Müasir İranın dəmir yol nəqliyyatı” mövzusunda dissertasiya müdafiə edir. N.Neykduxt “Horizontal boruların içərisində su buxarının mövcudluğunda çoxkomponentli üzvi mayelərin (benzin) buxarlarının kondensasiyası zamanı istilik ötürülməsi” mövzusunda tədqiqatını Bakıda, Əzizbəyov adına Neft-kimya institutunda bitirdi və müdafiə etdi. M.Pənahi “Naftalan neftinin və onun bəzi preparatlarının orqanizmə təsir mexanizmində böyrəküstü vəzin qabığının funksional vəziyyətinin əhəmiyyəti haqqında” tədqiqatını Nəriman Nərimanov adına Tibb institutunda bitirərək müdafiə etdi. A.Sadəndi “Azərbaycan SSR, Muğan şimali şəraitində aşağı yamaclı ərazilərdə pambığın dərin şırımlarda suvarılması texnikası” adlı tədqiqatını Rusiya Federasiyasının Novaçerkask meliorasiya mühəndisliyi institutunda bitirərək müdafiə etdi.
Azərbaycan Demokrat Firqəsinin siyasi rəhbərləri sırasında Mir Rəhim Vilayi güney Azərbaycan milli hərəkatının aktiv iştirakçısı, milli hökumətə rəhbərlik etmiş şəxslərdən biri olaraq alimlik dərəcəsini ölümündən bir il qabaq müdafiə etdi. Həmkarlarının xatirələrində deyilir ki, Vilayi güney Azərbaycan milli hərəkatının aktiv üzvlərində oldugundan bütün proseslərdən xəbərdar idi və çox sayda tədqiqatçılara da dəstək olmuşdu. "O, bir an belə siyasi fəaliyyətini dayandırmadı və 1975-ci ildə “Güney Azərbaycanda demokratik mətbuat” adlı desertasiyasını müdafiə etdi. Diqqəti cəlb edən odur ki, “Azərnəşrdə” elmi nəşrlər üzrə uzun müddət (1959 - ci ildən 1968- ci ilin iyun ayına qədər) siyasi ədəbiyyat şöbəsində böyük redaktor vəzifəsində işləmişdir. 1968-ci ildən Elmlər Akademiyasında fəaliyyət göstərməsinə baxmayaraq elmi dərəcəni ölümündən bir il qabaq ala bildi.
Mir Qasım Çeşmazər də bütün həyatını Güney Azərbaycanın milli hərəkatına həsr etdi və 1954-1969-cu illərdə Azərbaycan Demokrat Firqəsinə rəhbərlik etdi. Eyni zamanda Elmlər Akademiyasında fəaliyyət göstərən bu siyasi xadim və alim yalnız 1981-ci ildə “Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti” mövzusunda dissertasiyasını bitirərək müdafiə edə bildi. 1982-ci ildə Seyidaga Onullahi elmlər doktorlugu elmi dərəcəsini müdafiə etdi. Onun müdafiəyə təqdim etdiyi “Təbriz tarixi”nə dair fundamental əsəri Azərbaycan elmi və ictimai fikrində geniş rəgbət qazandı.
21 Azər hərəkatında (1945-1946) fədai başçısı olmuş, Azərbaycan Demokrat Firqəsinin uzun müddət ikinci katibi olaraq fəaliyyət göstərmiş - Lütvəli Ərdəbilli 1984-cü ildə “Güney Azərbaycanda fədai hərəkatı”mövzusunda dissertasiya işini müdafiəyə təqdim etdi.
1970-80-ci illərdə Güney Azərbaycan mühacir ailələrinin ikinci və üçüncü nəsil nümayəndələri Azərbaycanın akademik mühitinə daxil oldular. Çox sayda, ikinci və üçüncü nəsl güney mühacir ailələrinə mənsub, Sovet Azərbaycanında təhsil almış alimlər ordusu yarandı. Professor C.Mirzai, dosent S.Bayramzadə, professor R.İmrani, dosent P.Kazimi, dosent S.Talibi və çox sayda digər güney Azərbaycan mühacirlərinin ikinci və üçüncü nəslinə aid alimlər 80-90-cı illərdə Azərbaycanın elm və sənayesinə, təhsil və tibb, mədəniyyət və incəsənətinə xidmət etdilər.
11:23 19.07.2025
Oxunuş sayı: 5275
