"ABŞ Rusiyanın qeyri-konstruktiv davranışına baxmayaraq, diplomatiya qapısını açıq saxlayır" - Politoloq

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib ki, rəsmi Vaşinqton Ukraynadakı münaqişənin diplomatik həlli üzərində işləməyə fokuslanıb.
“Diplomatiya və danışıqlar davam edir, biz həmişə olduğu kimi buna diqqət yetirmişik”- o, “Fox News”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün dünya Ukrayna böhranının davam etməsindən əziyyət çəkir: “Bir çox ölkələr Ukraynadakı münaqişədə hərbi əməliyyatların davam etməsinə töhfə verir”.
ABŞ uzun müddətdir ki, müharibəni bitirmək üçün çalışsa da, buna nail ola bilmir. Bu, əlbəttə, Ağ Evin və konkret olaraq onun hazırkı rəhbəri Donald Trampın imicinə müsbət təsir etmir. Xüsusilə nəzərə almaq lazımdır ki, o, hələ hakimiyyətə gəlməzdən əvvəl savaşı ən qısa müddətdə dayandıracağını demişdi. İndi buna gücü çatmır, ya istəmir?
Bu barədə Crossmedia.az-a danışan politoloq Oqtay Qasımov sözlərinə ABŞ-nin Rusiyanın səmimi davranmaması səbəbilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üzrə diplomatik təşəbbüslərdən çəkilməsindən danışaraq başlayıb:
"ABŞ rəsmiləri son 4–5 ayda Rusiya və Ukrayna müharibəsini dayandırmaqla bağlı diplomatik təmaslarda maraqlı olduqlarını bəyan ediblər. Bildiyiniz kimi, bu mövzuda bir neçə dəfə görüşlər keçirilib. Atəşkəslə bağlı ABŞ və Ukraynanın Rusiyaya təklifləri də olub. Rusiya tərəfi bu təklifləri guya qəbul etsə də, əslində müharibəni davam etdirməyə və prosesi uzatmağa çalışıb. Yəni savaş meydanında daha əlverişli durum yaratmaqla öz istədiyi şərtlər əsasında atəşkəsə razılaşmağa çalışıb. Bu isə ABŞ-ı kifayət qədər narahat edib və məhz Rusiyanın bu davranışları səbəbindən Vaşinqton aprelin sonlarından etibarən vasitəçilik missiyasından geri çəkilib".
Politoloq ABŞ-nin Rusiyanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, diplomatik danışıqlara açıq qaldığını və müharibənin sülh yolu ilə həllinə ümidini itirmədiyini bildirib:
"Lakin bütün bunlara baxmayaraq, ABŞ diplomatiya qapısını hələ də açıq saxlamağa çalışır. Sadəcə olaraq Rusiyanın maksimalist davranışı prosesə ciddi mənfi təsir göstərir. Çünki Rusiya hazırda qəbulolunmaz şərtlərlə danışıqlar masasına oturmağa cəhd edir. Amma düşünürəm ki, nəhayət bir formada, gec də olsa Moskva danışıqlar masasına gələcək. Vaşinqton hazırda bu danışıqlara hazırdır".
Müsahibimiz Trampın Rusiya ilə bağlı ehtiyatlı açıqlamaları fonunda ABŞ-nin danışıqlar yolu ilə müharibəni bitirmək ümidini saxladığnı qeyd edib: "Bu mövqe onun çıxışlarında da özünü göstərir. Belə ki, demək olar, hər kəs haqqında sərt ifadələr işlədən Tramp Rusiya Prezidenti ilə bağlı kifayət qədər ehtiyatlı və korrekt ifadələr səsləndirir. Bu da ABŞ-nin hələ də danışıqlardan ümidini itirmədiyinin göstəricisi kimi qiymətləndirilə bilər".
Fatimə Nəbiyeva
15:55 29.06.2025
Oxunuş sayı: 667