Serbiyada on minlərlə insan növbədənkənar seçkilər tələbi ilə küçələrə çıxdı - FOTO




Serbiyanın paytaxtı Belqradda on minlərlə insan növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə kütləvi etiraz aksiyası keçirib. Polis aksiyalar zamanı onlarca nümayişçinin saxlanıldığını açıqlayıb.
Etirazçılar şəhərin mərkəzində yerləşən Slaviya Meydanı və ətraf küçələrə toplaşaraq “Seçki istəyirik” şüarları səsləndirib. Gözaltına alınan şəxslərin qandallanma anları kameralara düşüb. Aksiya zamanı altı polis əməkdaşının da yaralandığı bildirilib.
Crossmedia.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç isə sosial media hesabında paylaşım edərək “Serbiya sonda hər zaman qalib gəlir” sözlərini yazıb.
Etiraz rəsmi olaraq başa çatdıqdan sonra da gərginlik davam edib. Bəzi nümayişçilər, Vuçiçi dəstəkləyənlərin uzun müddətdir kampaniya apardığı parka yaxınlaşmaq istəyərkən polisə yumurta, plastik butulka və digər əşyalar atıb.
Daxili İşlər naziri İvitsa Daçiç etirazlarla bağlı açıqlamasında, nümayişçilərin polisə hücum etdiyini iddia edib. O bildirib ki, polis ictimai asayişi bərpa etmək və hücum edənləri saxlayaraq hüquqi məsuliyyətə cəlb etmək üçün gücdən istifadə edib. Polis isə “onlarla xuliqan”ın saxlanıldığını, lakin dəqiq sayın açıqlanmadığını bildirib.
Etiraz aksiyasından əvvəl də şəhərdə gərginlik müşahidə olunub. Xüsusi təyinatlı polis qüvvələri hökumət binalarının ətrafına yerləşdirilib. Aksiya meydanında çıxış edən və adını açıqlamayan bir tələbə bildirib: “28 iyun 2025-ci il tarixində biz hazırkı hakimiyyəti qeyri-legitim elan edirik. Seçkilər, hökumətin xalqın maraqlarına zidd olan addımlarının yaratdığı böhrandan yeganə çıxış yoludur".
Serbiyada tələbə etirazlarının əsası 1 noyabr 2024-cü ildə, bir dəmiryolu stansiyasının betondan hazırlanmış damının uçması və 16 nəfərin həyatını itirməsi ilə qoyulmuşdu. Hadisədən sonra hökumət korrupsiya və səhlənkarlıqda ittiham edilmişdi.
Dünənki aksiyada çıxış edən etirazçılardan biri isə belə deyib: “Biz buradayıq, çünki artıq dözə bilmirik. Bu, çox uzun müddətdir davam edir. Korrupsiyaya batmışıq”.
Mədinə Cəlilova
16:10 29.06.2025
Oxunuş sayı: 583