Naxçıvanda Zəngəzur dəhlizi və TRIPP layihəsi müzakirə edilib
Naxçıvanda Zəngəzur dəhlizinin və TRIPP layihəsinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsində rolu, eləcə də Asiya İnkişaf Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Qeyd edilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsi yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə şərait yarada bilər.
Ceyhun Cəlilov Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji əhəmiyyətli bölgə olduğunu vurğulayıb. O, Zəngəzur dəhlizinin və bu çərçivədə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətindən danışıb.
Bildirilib ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru nəqliyyat əlaqəsinin təmin olunmasına, həmçinin dəmir yolu vasitəsilə Türkiyə ilə bağlantısının gücləndirilməsinə imkan yarada bilər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu marşrutların fəaliyyətə başlaması və regional əhəmiyyətinin artması üçün yeni imkanlar açacağı qeyd olunub.
Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də müzakirə edilib. Elektrik enerjisinin Türkiyəyə ixracı və daha geniş bazarlara çıxarılması imkanları diqqətə çatdırılıb.
Bundan başqa, kənd təsərrüfatının inkişafı, istehsalın artırılması, fermerlərə dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Naxçıvanın turizm potensialının reallaşdırılması, turizm sənayesinin inkişafı və metallurgiya sahəsində yeni istehsal imkanlarının yaradılması da müzakirə mövzuları sırasında olub.
Sahibkarlara tətbiq edilən 10 illik vergi güzəştləri, investisiya mühitinin yaxşılaşdırılması və regionun gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər barədə də danışılıb.
Sunniya Durrani-Camal nəzərdə tutulan layihələrin əhəmiyyətini vurğulayaraq, Asiya İnkişaf Bankının onların maliyyələşdirilməsi üçün təqdim etdiyi imkanlar, o cümlədən güzəştli kreditlərin rolu barədə məlumat verib. O, Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib.
Görüşdə qarşıdakı illərdə ADB-nin iştirakı ilə həyata keçirilə biləcək layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.(Report)
21:17 13.10.2026
Oxunuş sayı: 50