Qara dənizdə gəmiyə hücum - NATO təcili toplanır
Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında Rusiyaya məxsus pilotsuz uçuş aparatları (PUA) iki ticarət gəmisinə hücum edib. Zərbələr nəticəsində "Azov Concord" gəmisi Krapets kəndindən 27 kilometr aralıda batıb, "Chelsea 3" gəmisi isə Varna limanına çatmağı bacarıb. Oktyabrın 13-nə keçən gecə "Chelsea 3" gəmisindən 15 dənizçi — 7 Ukrayna və 8 Azərbaycan vətəndaşı təxliyə edilib, onların yüngül xəsarətlər aldığı bildirilir. Sent-Kits və Nevis bayrağı altında üzən və batan "Azov Concord" gəmisindən isə hələlik heyətin yalnız bir üzvü xilas olunub, ərazidə xilasetmə əməliyyatları davam etdirilir. Hadisə ilə bağlı Bolqarıstanın Baş naziri Rumen Radev Rusiyanın ölkədəki səfiri Eleonora Mitrofanovanın Xarici İşlər Nazirliyinə çağırılacağını bəyan edib, həmçinin Sofiyanın NATO-nun Baş katibi Mark Rütte ilə təcili məsləhətləşmələr aparacağı bildirilib.
Sözügedən mülki və ticarət gəmilərinə qarşı törədilən hücumlar regionda təhlükəsizlik risklərini maksimum həddə çatdırıb və beynəlxalq dəniz hüququnun pozulması məsələsini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Qara dənizdə azad ticarətlə məşğul olan mülki və ya ərzaq daşıyan gəmilərə atəş açılması, hücumların törədilməsi birinci hadisə deyil və ciddi narahatlıq doğurur.

Politoloq qeyd edib ki, bu cür hərəkətləri edən tərəflərin əsas məqsədi regiondan gedən gəmilərin qarşısını almaq və ərazini tam hərbi zonaya çevirməkdir: “Bütün bu əməllər beynəlxalq qanunlarla qadağan olunur və bunu törədənlər beynəlxalq Məhkəmə və hüquq-mühafizə orqanları qarşısında cavab verməlidirlər. Əgər gəmilərə atəş açılması faktı sübut olunarsa, həmin ölkəyə qarşı ölçü götürülə və dəymiş ziyanın ödənilməsi haqqında qərarlar çıxarıla bilər.
Müharibənin davam etdiyi indiki şəraitdə nə Rusiyanı, nə də Ukraynanı dərhal cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil. Çünki ilk növbədə hücumların konkret kimin tərəfindən törədildiyi müəyyənləşdirilməli və sübutlar beynəlxalq təşkilatlara təqdim olunmalıdır. Əslində, Rusiyanın Ukraynanı işğal etməsi özü ən böyük beynəlxalq cinayət olsa da, beynəlxalq hüquq-mühafizə orqanları bunun qarşısını almaq üçün adekvat tədbir görə bilmir. Bu səbəbdən Qara dənizdə və ya digər akvatoriyalarda baş verən belə hadisələrin qarşısının indiki mərhələdə beynəlxalq təşkilatlar tərəfindən alınması imkan xaricindədir. Bu proses yalnız müharibə bitdikdən sonra, iddialar toplanaraq beynəlxalq məhkəmələrə təqdim olunduqda və təzminat qərarları çıxarıldıqda mümkün olacaq”.
Ekspert vurğulayıb ki, hazırkı şəraitdə əsas prioritet qəzaya uğramış və ya atəşə məruz qalmış gəmilərin heyətini xilas etməkdir: “Azərbaycan vətəndaşlarına gəlincə, dövlətimiz ilk növbədə öz vətəndaşlarının təhlükəsizliyini düşünməli, xarici bayraqlar altında işləyən dənizçilərinə xəbərdarlıq edərək onları müharibə zonalarından uzaq durmağa çağırmalıdır. Bütövlükdə, istər Qara dənizdə, istərsə də Hörmüz boğazında baş verən hərbi cinayətlərin qarşısını müharibə gedə-gedə almaq mümkün olmadığından, ən doğru yol gəmilərin təhlükəli zonalardan uzaq durması və maksimum ehtiyat tədbirlərinə riayət etməsidir”.
Zeynəb Həsən
20:15 13.10.2026
Oxunuş sayı: 66