Perseverance Marsda məsafə rekordunu yenilədi
NASA-nın Perseverance tədqiqat aparatı Mars səthində 45,22 kilometr məsafə qət edərək Yer kürəsindən kənarda başqa bir göy cisminin səthində ən uzun məsafə qət etmə rekordunu yeniləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Perseverance aparatının Mars missiyası ilə bağlı açıqlamasında məlumat yayıb.
Məlumata görə, aparat Marsda 2006-cı günündə rekorda imza atıb. Bununla da 2004–2018-ci illərdə Marsı araşdıran Opportunity aparatının 45,16 kilometrlik əvvəlki rekordunu geridə qoyub.
Opportunity təxminən 15 il ərzində qət etdiyi məsafəyə Perseverance cəmi 5,5 ilə çatıb.
Rekordun müəyyənləşməsində aparatın maneələri aşkarlayaraq təhlükəsiz marşrut seçməsinə imkan verən **AutoNav adlı avtonom naviqasiya sistemi** mühüm rol oynayıb. Perseverance qət etdiyi ümumi məsafənin 90 faizindən çoxunu bu sistemin köməyi ilə insan müdaxiləsi olmadan tamamlayıb.
NASA aparatın missiyasını da uzadıb. Qərara əsasən, Perseverance-ın Marsdakı Jezero kraterinin kənarlarını araşdırmaq üzrə fəaliyyəti təxminən 2028-ci ilin sonunadək davam edəcək.
Alimlər hesab edirlər ki, Jezero kraterində keçmişdə göl olub. Perseverance bu ərazinin geoloji tarixini və burada mikrob həyatının mövcudluğu üçün əlverişli şəraitin olub-olmadığını araşdırır.
Aparat daha əvvəl **Cheyava Falls** adlandırılan qayanın üzərində keçmişdə mikroskopik həyatın mövcudluğuna işarə edə biləcək xüsusiyyətlər aşkar edib.
06:18 14.10.2026
Oxunuş sayı: 52