Danimarka ilə Almaniyanı birləşdirəcək tunelin tikintisi kiberhücum səbəbindən dayanıb
Danimarka ilə Almaniyanı Baltik dənizi vasitəsilə birləşdirəcək Fehmarnbelt tunelinin tikintisi kiberhücum nəticəsində çətinliklərlə üzləşib. Hücum tikinti işlərinin gedişinə mənfi təsir göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə Danimarka mediası məlumat yayıb.
Məlumata görə, 18 kilometr uzunluğunda nəzərdə tutulan sualtı tunelin tikintisini həyata keçirən baş podratçı şirkətə qarşı kiberhücum təşkil olunub.
Hücum nəticəsində tikinti sahəsindəki bəzi mərkəzi sistemlər sıradan çıxıb, işçilər isə internetə çıxışla bağlı problemlər yaşayıblar.
Layihəyə cavabdeh şirkətin baş podratçı ilə əlaqə saxladığı bildirilsə də, hücumun kim tərəfindən və hansı məqsədlə həyata keçirildiyi açıqlanmayıb.
Fehmarnbelt tunelinin Danimarkanın paytaxtı Kopenhagenin də yerləşdiyi Zelandiya adasını və daha sonra Lolland adasını Almaniya ilə birləşdirərək Skandinaviya ilə Avropa arasında nəqliyyat əlaqələrini gücləndirməsi planlaşdırılır.
Tikintisinə 2021-ci ildə başlanılan tunelin 2029-cu ildə tamamlanması nəzərdə tutulur. Layihəyə əsasən, tunel dörd zolaqlı avtomobil yolu və ikixətli dəmir yolundan ibarət olacaq.
22:00 13.10.2026
Oxunuş sayı: 55