“Sertifikatlaşdırma prosesi Azərbaycan təhsili üçün dönüş nöqtəsidir”- Ekspert

İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.
Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5 945 nəfər müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb.
Müəllimlərin sertifikasiyası intensiv formada davam edir. Bir neçə ildir həyata keçirilən bu prosesin təhsil sistemində real nəticələrini görməkdəyik: tələbələrə uyğunlaşmayan müəllimlər təhsil prosesindən kənarlaşdırılır, onları daha bacarıqlı pedaqoqlar əvəz edir. Bu isə təhsiliin keyfiyyətini yaxşılaşdırır.
Sertifikasiya prosesinin əhəmiyyəti barədə Crossmedia.az-a danışan Təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, Azərbaycanda təhsil işçilərinin sertifikatlaşdırılması prosesi fəal şəkildə davam edir: “Bu məsələ həm təhsil ictimaiyyəti, həm də cəmiyyətin geniş təbəqələri tərəfindən müzakirə doğurur. Çox vacib və önəmli bir məsələdir. Bu proses müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi və inkişafı üçün bir vasitədir. Burada əsas məsələlərdən biri keyfiyyətin yoxlanılmasıdır. Müəllimlər həm ixtisas bilikləri, həm də pedaqoji və kurikulum bilikləri baxımından qiymətləndirilirlər. Nəticələrə əsasən 30-50 bal toplayan müəllimlərin maaşına 10% artım edilir. 51-60 bal toplayanlara isə 35% maaş artımı verilir. Yüksək nəticə göstərən müəllimlər karyera baxımından üstünlük qazanır, məsələn, məktəb direktoru və digər rəhbər vəzifələrə irəli çəkilə bilirlər. Bu sistem müəllimlərin peşəkar inkişafını təşviq edir. Onlar daim öz üzərlərində işləməyə yönəldilir”.
Müsahibimiz söyləyib ki, bu proses həm də şagirdlər üçün faydalıdır: “Çünki nəticədə siniflərdə daha hazırlıqlı, motivasiyalı və peşəkar müəllimlər dayanır. Bu da ümumi tədris keyfiyyətini artırır. Təhsil siyasəti baxımından da önəmlidir.
Çünki bu proses nəticəsində hansı fənlərdə və bölgələrdə zəifliklərin olduğu üzə çıxır və gələcək planlaşdırmalarda bu məlumatlar nəzərə alınır. Ümumilikdə bu prosesi müsbət qiymətləndirirəm. Çünki həm şagirdlər, həm də səriştəli müəllimlər qazanır. Layiq olan müəllimlər öz vəzifələrini qoruyur və maaş artımı alırlar. Lakin bəzi problemlər və tənqidlər də var. Xüsusilə yaşlı və təcrübəli müəllimlər üçün bu proses stresli ola bilər. Texnologiyadan istifadə və imtahan təcrübələri zəif olan müəllimlər aşağı nəticə göstərə bilirlər. MİQ imtahanından uğur qazanmış müəllimlər sertifikatlaşdırmada da uğur qazanırlar, amma bu proses MİQ-dən fərqlidir. Yaşlı və pedaqoji təcrübəsi çox olan müəllimlər bəzən zəif nəticələr müşahidə olunur. Sosial şəbəkələrdə xüsusilə filoloqlar yəni Azərbaycan dili Ədəbiyyat müəllimləri etiraz edirlər. Onlar bildirirlər ki, suallar və mətnlər çox uzun, vaxt isə azdır — bu da haqlı narazılıqdır. Burada balanslı yanaşma olmalıdır. Məsələn, riyaziyyat müəllimlərinə təqdim olunan sualların çətinlik səviyyəsi necə tənzimlənirsə, eyni yanaşma Azərbaycan dili müəllimlərinə də tətbiq olunmalıdır.
Sertifikatlaşdırmanın məqsədi müəllimlərin bilik səviyyəsini ölçmək və həmçinin gələcək təlim hazırlıqlarının nə qədər ehtiyac olunmasını üzə çıxarmaqdır. Ümumiyyətlə, bu sertifikatlaşdırma Azərbaycan təhsili üçün bir dönüş nöqtəsidir və burada mənfi birşey axtarmaq düzgün deyil”.
Fidan Qarayeva
20:54 24.06.2025
Oxunuş sayı: 934