Deputat: Azərbaycan Mərkəzi Asiya ilə nəqliyyat əməkdaşlığında yeni mərhələyə hazırlaşır
Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri nəqliyyatdır. Azərbaycan Prezidenti İlham Əliyev bunu Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bəyan edib. Dövlət başçısının nəqliyyat əlaqələrini ön plana çəkməsi region ölkələri arasında iqtisadi münasibətlərin inkişafında logistikanın artan əhəmiyyətini bir daha gündəmə gətirir. Avropa ilə Asiyanı birləşdirən marşrutların inkişafı, xüsusilə Xəzər dənizi üzərindən keçən Orta Dəhlizin imkanlarının genişləndirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, Bakı–Tbilisi–Qars dəmir yolu və digər nəqliyyat infrastrukturu layihələri ölkənin tranzit potensialının artırılmasına xidmət edir. Bununla yanaşı, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi və yükdaşımaların sürətləndirilməsi regionun logistika imkanlarının daha səmərəli istifadəsi üçün vacibdir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya arasında nəqliyyat əməkdaşlığının genişləndirilməsi ölkəmizin regional və beynəlxalq iqtisadi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, nəqliyyat və logistika artıq yalnız yüklərin daşınması ilə məhdudlaşmır, ölkələrin iqtisadi dayanıqlığını, regional inteqrasiyasını və beynəlxalq ticarət imkanlarını müəyyən edən strateji amilə çevrilib: "Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan Orta Dəhliz ölkəmizin coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirmək üçün geniş imkanlar yaradır. Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün Azərbaycan dünya bazarlarına çıxışın şaxələndirilməsi baxımından mühüm tərəfdaşdır. Bakı–Tbilisi–Qars dəmir yolu, dəniz limanı və digər infrastruktur layihələri bu əlaqələrin inkişafına şərait yaradır. Bununla belə, əsas hədəf yalnız tranzit yükdaşımalarının həcmini artırmaq deyil, Azərbaycanın logistika, anbarçılıq, nəqliyyat xidmətləri və ticarət sahələrində regional mərkəzə çevrilməsinə nail olmaqdır".
Şahin Seyidzadənin sözlərinə görə, növbəti mərhələdə Xəzərin iki sahilində yerləşən ölkələrin nəqliyyat sistemlərinin daha sıx əlaqələndirilməsi, limanların imkanlarının artırılması, dəmir və avtomobil yollarının ötürücülük qabiliyyətinin yüksəldilməsi, multimodal daşımaların inkişafı və marşrut boyunca koordinasiyanın gücləndirilməsi əsas prioritetlər sırasında olmalıdır: "Gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqi də yükdaşımaların sürətinə və dəhlizlərin rəqabət qabiliyyətinə birbaşa təsir göstərə bilər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycana müxtəlif istiqamətlərdən gələn yük axınlarını vahid sistemdə birləşdirmək imkanı verir. Bu potensialdan səmərəli istifadə qeyri-neft sektorunun inkişafını sürətləndirə, yeni logistika mərkəzlərinin və anbar komplekslərinin yaradılmasına, eləcə də regionlarda iqtisadi fəallığın artmasına töhfə verə bilər. Nəticə etibarilə, Azərbaycanın əsas hədəfi sadəcə tranzit ölkə olmaq deyil, Mərkəzi Asiya ilə Avropa arasında müasir nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməkdir".
Zeynəb Həsən
13:00 09.10.2026
Oxunuş sayı: 191