Trampın ritorikası: İran-İsrail qarşıdurmasında strateji reverberasiyalar - ŞƏRH

Müasir beynəlxalq münasibətlər sistemində liderlərin ritorikası və geosiyasi bəyanatları təkcə konkret diplomatik mesajlarla məhdudlaşmır, eyni zamanda regional və qlobal müstəvidə silsilə təsirlər doğurur.
Xüsusilə silahlı münaqişələrin aktiv fazaya keçdiyi dövrlərdə bu cür bəyanatlar beynəlxalq təhlükəsizlik arxitekturasında ciddi reverberasiyalara yol açır. İran-İsrail müharibəsinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda ABŞ prezidenti Donald Trampın “İrandan tərk edin” məzmunlu sərt və ultimativ çıxışı, yalnız Vaşinqton-Tehran münasibətlərinin gərginliyini artırmaqla qalmır, eyni zamanda regional güc balansına, diplomatik proseslərə və qlobal enerji təhlükəsizliyinə təsir göstərən çoxşaxəli dinamikanı işə salır. Bu kontekstdə Trampın ritorikasının mümkün strateji nəticələrinin dərin təhlili, həm siyasi diskursun formalaşması, həm də beynəlxalq münasibətlərdə güc mərkəzlərinin yeni konfiqurasiyasını anlamaq baxımından əhəmiyyətlidir.
Donald Trampın "İrandan qaçın" kimi sərt bəyanatları beynəlxalq münasibətlər sistemində hansı strateji reverberasiyalara səbəb ola bilər?
Mövzu ilə bağlı Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, İran-İsrail müharibəsinin davam etdiyi bir vaxtda ABŞ prezidenti Donald Trampın “İrandan tərk edin” kimi sərt və ultimativ bəyanatları beynəlxalq münasibətlər sistemində çoxvektorlu strateji reverberasiyalara səbəb ola bilər. Trampın bu ritorikası, təkcə ABŞ-İran münasibətləri deyil, bütövlükdə qlobal güc balansı və regional sabitlik baxımından da geniş təsirlər doğurur:
"İlk növbədə, bu cür çağırış regional eskalasiyanın sürətlənməsinə təkan vermək məqsədi güdür. Trampın sərt bəyanatı İsrailə əlavə siyasi və psixoloji dəstək siqnalı verir. Bu isə İsrailin hərbi əməliyyatlarını daha da intensivləşdirməsinə stimul verə, eyni zamanda İranı daha radikal mövqe tutmağa və asimmetrik cavab verməyə vadar edə bilər . Nəticədə müharibənin coğrafiyası genişlənə və regiondakı və həmçinin regionda marağı olan digər oyunçular daha aktiv rol ala bilər".
Vüqar Zifəroğlu: ABŞ-nin sərt ritorikası fonunda Aİ-nin “vasitəçi” mövqeyi sıxışdırılır
Müsahibimiz diqqətə çatdırıb ki, Trampın bu ritorikası eyni zamanda eskalasiyanın davam etdiyi bir zamanda diplomatik kanalların daralmasına səbəb ola bilər. Trampı çıxışının ABŞ-Çin-Rusiya üçbucağında qütbləşmənin dərinləşməsinə də təkan verməsi gözləniləndir:
"Bu, Çin və Rusiya üçün İranla daha sıx əməkdaşlıq bəhanəsi və ABŞ-Avropa-İsrail oxuna qarşı yeni geosiyasi bloklaşma riski yaradır. Vurğulamaq lazımdır ki, ABŞ-nin sərt ritorikası fonunda Aİ-nin “vasitəçi” mövqeyi də sıxışdırılır. Fransa və Almaniya kimi ölkələrin balanslı mövqeyi bu cür aqressiv ritorikaya qarşı zəif qalır. Avropada parçalanmış yanaşma ABŞ-İran münasibətlərində daha da qeyri-müəyyənlik yaradır. Daha bir məqam qlobal enerji bazarına təsirlə bağlıdır".
Vüqar Zifəroğlu xatırladıb ki, hələ eskalasiyanın ilk günlərində neft bazarında qiymət artımı müşahidə edildi və bu artım sürətlə davam etməkdədir. Trampın sərt bəyanatı və İranla müharibənin davam etməsi Hörmüz boğazı ətrafında gəmilərin təhlükəsizliyini risk altına alır ki, İran artıq boğazı bağlaya biləcəyi ilə bağlı hədələrini elan edib:
"İran-İsrail müharibəsinin alovlandığı kritik mərhələdə Trampın "İranı tərk edin" məzmunlu bəyanatı regional eskalasiyanın dərinləşməsi, diplomatik kanalların tıxanması və qlobal güc balansının sərtləşməsi ilə müşayiət olunur. Bu cür sərt çıxışlar yalnız konkret siyasi mesaj deyil, eyni zamanda beynəlxalq münasibətlər sisteminə yayılmış, çoxölçülü strateji dalğalar yaradan təsirlər toplusudur". (Bakıvaxtı)
16:10 17.06.2025
Oxunuş sayı: 654