İran və İsrail müharibənin bir addımlığındadır: Azərbaycan necə davranacaq? - Sabiq nazir açıqladı

İsrailin son hərbi əməliyyatı zamanı İranın nüvə obyektələrinə endirdiyi zərbələr bölgədə gərginliyi daha da artırıb. Yeni mərhələyə keçən qarşıdurma beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Hadisənin miqyasına və mümkün nəticələrinə görə bu əməliyyatın müharibəyə gedən yolun açıq mesajı olduğu bildirilir. ABŞ və İran münasibətlərində də gərginlik dərinləşməkdədir.
Azərbaycanın hər iki dövlətlə normal münasibətləri var. İranla qonşuyuq. İsraillə isə strateji münasibətlərimiz var. Üstəlik, İranla İslam Əməkdaşlıq Təşkilatında təmsil olunuruq. Strateji tərəfdaşımız Ankaranın Təl-Əviv münasibətləri də məlumdur.
Bütün bunları nəzərə alsaq rəsmi Bakı necə davranacaq?
Bu barədə Crossmedia.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İsrailin hücumları əuzun illər davam edən qarşıdurmanın növbəti mərhələsidir: "Müharibə çoxdan başlayıb.
Ölkəmiz beynəlxalq hüquqa əsaslanan, siyasi və diplomatik həll yollarını dəstəkləyir. Azərbaycan deyir ki, olan problemlər diplomatik, siyasi yollarla öz həllini tapsın. Və bizim ərazimiz heç bir digər ölkələr üçün təhlükə ola bilməz. Yəni bizim ərazidən kənara qarşı yönəlmiş hərbi məqsədlər üçün istifadə mümkün deyil və bu açıq şəkildə bəyan olunub”.
Keçmiş nazir əlavə edib ki, bəzi beynəlxalq dairələr bu gərginliyi öz maraqları üçün fürsətə çevirməyə çalışır: "Lakin Azərbaycanın prinsipial mövqeyi dəyişməz qalır və bu tezis üzərində siyasət davam etdiriləcək. Mən bunu bəyanatla qazanılmış bir zəfər kimi görürəm. Artıq bu tezis əsasında bizim mövqeyimiz davam etdirilə bilər”.
Zəhra Ağayeva
11:30 13.06.2025
Oxunuş sayı: 2343