COVID-19 qayıdır? - Doktordan maraqlı açıqlama

Son günlər koronavirusun bir neçə ölkədə sürətlə yayılması ciddi narahatlıq doğurur. Artıq 3 ölkədə yoluxma halları nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycanda da vəziyyətlə bağlı suallar yaranır. Paytaxtda respirator viruslara yoluxan insanların sayı son günlərdə əhəmiyyətli dərəcədə çoxalıb. Mütəxəssislər vəziyyəti nəzarətdə saxlamaq üçün əhalini ehtiyatlı olmağa və gigiyena qaydalarına daha ciddi əməl etməyə çağırırlar.
Mövzu ilə bağlı doktor Məlahət Hümmətqızı Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, COVID-19-un pandemiya şəklində yenidən bütün dünyanı bürüməsi real deyil. Həkim hesab edir ki, bu virus artıq bir neçə dəfə mutasiyaya uğrayıb və əvvəlki illərdə olduğu kimi ağır fəsadlar yaratmır: “COVID-19 virusu artıq 5 il ərzində neçə dəfə mutasiyaya uğrayıb və insanlar bu illər ərzində yoluxanda əvvəlki kimi ağır keçirtməyib. Yüngül forma olub, zökəm əlamətləri kimi keçib gedib".
Doktor bildirib ki, bir çox hallarda xəstələr COVID-ə yoluxduqlarını hiss etməyiblər, çünki simptomlar zəif olub. Məlahət Hümmətqızı qeyd edib ki, bəzən xəstələr şübhələnməyib, yoxlatmayıb, həkimə müraciət etməyib. Çünki yüngül formalı COVID-lər bir həftə ərzində öz-özünə sağalıb, orqanizm müqavimət göstərə bilib, immun sistem qalib gəlib.
M.Hümmətqızı vurğulayıb ki, Azərbaycanda virusun geniş yayılması üçün əlverişli mühit yoxdur. Yay fəslinə daxil olmağımız və günəş şüalarının təsiri virusun yayılmasının qarşısını alır: “COVID-in bizim ölkədə ona görə artıb-çoxalması mümkün deyil ki, artıq yay fəslinə gedirik. Günəş şüaları havada asılı qalan virusları məhv edir. Virusun artıb-çoxalması üçün soyuq, rütubətli mühit lazımdır".
Doktor əlavə edib ki, pandemiya dövründə də yay aylarında yoluxma sayı xeyli azalmışdı. O bildirib ki, əgər fikir vermisinizsə, COVID dövründə yay fəslində COVID-ə yoluxanların sayı azalmışdı. Çünki günəş şüaları havadakı virusları məhv etmişdi, yoluxma azalmışdı.
Hazırda əhali arasında yayılan virusların isə fərqli xarakter daşıdığını deyən həkim qeyd edib ki, son aylarda daha çox kəskin respirator viruslar müşahidə olunur.
Məlahət Hümmətqızı bildirib ki, bu viruslar kəskinləşmə olmadıqda bir neçə gün ərzində sağalma ilə nəticələnir.
Fatimə Nəbiyeva
11:02 31.05.2025
Oxunuş sayı: 2641