“İslamofobiya təkcə fərdi deyil, sistemli və institusional problemdir” - RƏY

Azərbaycan Prezidenti İlham Əliyev , “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində, islamofobiyanın qlobal miqyasda artan təhlükəsinə diqqət çəkib. O, bəzi ölkələrdə islamofobiyanın yayılmasının təşviq edildiyini və bu tendensiyanın daha da kəskinləşdiyini vurğulayıb. Prezident, islamofobiyanın müxtəlif formalarda təzahür etdiyini və bu halın müsəlmanların cəmiyyətə inteqrasiyasına ciddi maneələr yaratdığını bildirib.
Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov Crossmedia.az-a islamofobiya mövzusu ilə bağlı açıqlama verib.
A.Qafarovun sözlərinə görə, islamofobiya – mahiyyəti etibarilə müsəlmanlara və onların həyat tərzlərinə qarşı qorxu, nifrət, düşmənçilik və ayrı-seçkiliyi ifadə edən genişmiqyaslı bir problemdir. O qeyd edib ki, bu hal həm fərdi səviyyədə ön mühakimə və qərəzli münasibətləri, həm də cəmiyyət və dövlət səviyyəsində sistemli ayrı-seçkilik və təcrid siyasətlərini əhatə edir.
Anar Qafarov bildirib ki, islamofobiya əsasən stereotiplər, İslam və müsəlman kimliyi haqqında doğrunu əks etdirməyən məlumatlar, mədəni fərqliliklərdən irəli gələn anlaşılmazlıqlar və qlobal siyasətin təsiri ilə formalaşır. Onun sözlərinə görə, nəticədə İslam dini və müsəlman kimliyi zorakılıqla, terrorla və radikalizmlə eyniləşdirilir, bu da müsəlmanlara qarşı mənfi ictimai münasibətlərin və hüquq pozuntularının yaranmasına səbəb olur.
O, vurğulayıb ki, islamofobiya tarixi inkişaf prosesində dörd əsas mərhələdən keçmiş və xüsusilə 11 sentyabr 2001-ci il tarixli terror hadisələrindən sonra daha da aktuallaşmışdır. A.Qafarovun fikrincə, problemin ilkin mərhələsi Məhəmməd peyğəmbərin İslama dəvət etdiyi dövrdə başlayır – bu dövrdə qüreyşlilər İslamı təhlükə kimi görərək müsəlmanlara qarşı fiziki və psixoloji təzyiqlər göstəriblər.
O qeyd edib ki, bu gün Qərb ölkələrində islamofobiya əsasən mədəni və siyasi-dini ayrı-seçkilik, sosial və siyasi təcrid, media stereotipləri, islamofobik hücumlar və nifrət cinayətləri, institusional fərqliliklər və iqtisadi diskriminasiya ilə özünü göstərir. A.Qafarov bildirib ki, Qərbdə müsəlmanlar geyimləri (xüsusilə hicab), adətləri və ibadətləri səbəbindən tez-tez tənqid edilir və ictimai həyata inteqrasiya prosesində çətinliklərlə üzləşirlər.
O hesab edir ki, müsəlman qadınların ictimai həyatda diskriminasiya və təzyiqlərə məruz qalması bu problemin ən ciddi göstəricilərindəndir. Müşahidələrə əsasən, yerli müsəlman əhaliyə və ümumilikdə müsəlmanlara qarşı yad münasibət onların sosial inteqrasiyasını çətinləşdirir. A.Qafarovun fikrincə, “islama və müsəlmanlara qarşı qərəzli münasibət təkcə fərdi yox, həm də hüquqi, siyasi və mədəni səviyyədə geniş yayılmış problemdir".
Anar Qafarov bildirib ki, bəzi Qərb siyasi partiyaları, xüsusilə ifrat sağçı hərəkatlar İslamı və müsəlmanları təhlükə kimi təqdim edərək öz seçki kampaniyalarını islamofobik ritorika üzərində qururlar:“Qərbdə bəzi siyasi partiyalar İslamı təhlükə kimi göstərərək seçki kampaniyalarını müsəlman əleyhinə ritorika üzərində qururlar".
O, vurğulayıb ki, Qərb mediasında İslam tez-tez zorakılıq, radikalizm və terrorçuluqla eyniləşdirilir. Filmlər, xəbər proqramları və sosial media bu stereotipləri geniş auditoriyaya yayaraq qorxu və nifrət mühiti formalaşdırır. Bu fonunda Avropa və Amerikada məscidlərə edilən hücumlar, müsəlmanlara qarşı fiziki və şifahi təcavüzlər, xüsusilə də miqrant mənşəli müsəlmanların hədəfə alınması ciddi narahatlıq doğurur. A.Qafarov bildirib ki, bu mənada ən dəhşətli hadisələrdən biri 2019-cu ildə Yeni Zelandiyada Brenton Tarrant tərəfindən məscidə edilən hücumdur.
O hesab edir ki, bəzi Qərb ölkələrində müsəlman əhalinin rəsmi qanunlar çərçivəsində diskriminasiyaya məruz qalması həm din və vicdan azadlığına ziddir, həm də islamofobik yanaşmanın institusional səviyyəyə keçdiyini göstərir. A.Qafarov əlavə edib ki, müsəlman ad və kimliyinə malik şəxslərin iş müraciətlərində rədd cavabı almaları, əmək bazarında bərabər şərtlərlə iştirak edə bilməmələri islamofobiyanın konkret nəticələridir.
O vurğulayıb ki, problemin effektiv həlli üçün təhsil, media, qanunvericilik və mədəni dialoqa əsaslanan kompleks yanaşmalar vacibdir. Müsəlmanlar da bu mübarizədə fəal iştirak etməli, cəmiyyətdə doğru təsəvvürlər formalaşdırmalı və dini kimliklərini müsbət şəkildə təqdim etməlidirlər.
A.Qafarovun sözlərinə görə, Azərbaycanda hər bir vətəndaşın kimliyindən asılı olmayaraq hüquq və azadlıqları, o cümlədən din və vicdan azadlıqları konstitusional və hüquqi əsaslarla qorunur. O qeyd edib ki, Heydər Əliyev Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qafqaz Müsəlmanları İdarəsi bu istiqamətdə mühüm fəaliyyətlər həyata keçirir.
Sonda Anar Qafarov vurğulayıb ki, ölkəmizdə keçirilən yerli və beynəlxalq maarifləndirmə tədbirləri, konfrans və forumlar multikultural dəyərlərə və tolerantlığa verilən yüksək önəmin göstəricisidir. Onun fikrincə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi azərbaycançılıq ideologiyası ölkəmizdə multikultural dəyərlərin davamlılığının və qorunmasının qarantıdır.
A.Qafarov əlavə edib ki, bu gün Azərbaycan müxtəlif kimliklərə malik vətəndaşların dil, din və mədəni hüquqlarını qoruyan bir dövlətdir. Ölkədə etnik azlıqların məktəblərinin, mədəniyyət mərkəzlərinin fəaliyyəti və dini konfessiyalara göstərilən dövlət qayğısı bunu bir daha təsdiqləyir.
Fatimə Nəbiyeva
15:15 29.05.2025
Oxunuş sayı: 12735