Ərdoğan: "Qarabağ üçün indi sülh və inkişaf zamanıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxış edərək Azərbaycan xalqını təbrik edib. O bildirib ki, “göz bəbəyimiz Azərbaycanla aramızdakı məhəbbəti, inşallah, daha da gücləndirərək davam etdirəcəyik. Yaxşı gündə olduğu kimi, çətin gündə də Azərbaycan xalqının yanında olacağıq”.
Crossmedia.az xəbər verir ki, Prezident Ərdoğan çıxışında qeyd edib ki, 1918-ci ildə Azərbaycanda qurulan Cümhuriyyət necə müstəqillik və azad iradənin simvoluna çevrildisə, Qarabağda qazanılan müstəqillik zəfəri də bu gün Azərbaycanı daha da güclü və rifahlı edir. “O gün yandırılan istiqlal məşəli bu gün daha parlaq və güclü şəkildə Azərbaycanın yolunu işıqlandırır. Qarabağın azadlığı ilə birlikdə bu torpaqlarda yüksələn hər bir nota yalnız zəfərin deyil, bütöv bir millətin yenidən dirçəlişinin səsi oldu”, – deyə o vurğulayıb.
Ərdoğan konsert proqramında səsləndiriləcək nəğmələrin Qarabağın azad torpaqlarının səsi olduğunu bildirərək, “Bu nəğmələrdə Şuşanın daşında azadlığın səsi, Laçının vadisində böyüyən ümudun, Gəncə və Bakıda yaşanan milli iradənin təzahürü var. Hər bir əsərdə canla, qəhrəman şəhidlərimizin mübarək qanı ilə ödənmiş möhtəşəm bir zəfərin ruhu yaşayır”, – deyə qeyd edib.
Qarabağ zəfərinin Azərbaycanı daha müasir və inkişaf etmiş bir ölkəyə çevirdiyini deyən Ərdoğan, artıq bölgədə barış və inkişaf tarixçəsi yazmağın zamanının çatdığını bildirib. “30 il sonra əsarətdən azad edilən Qarabağ üçün indi vaxt uğur, sülh və tərəqqi hekayəsi yazmaq vaxtıdır. Bu gün keçmişdə yaşadığımız acılardan dərs çıxararaq, qalıcı sülhün bərqərar olunmasını, etimadın və yaxşı qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik”, – deyə o bildirib.
Ərdoğan Füzuli və Zəngilan beynəlxalq hava limanlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə istifadəyə verdiklərini xatırladıb və əlavə edib ki, bu gün Laçın Beynəlxalq Hava Limanının açılışını da həyata keçirmək nəsib oldu. Enerji, nəqliyyat, müdafiə, ticarət, kənd təsərrüfatı və təhsil sahələrində Azərbaycanla güclü əməkdaşlıqlar qurduqlarını deyən Ərdoğan, İlham Əliyevin əvəzsiz töhfələri ilə bu münasibətlərin bölgəyə və dünyaya nümunə səviyyəsinə yüksəldiyini qeyd edib.
Türkiyə Prezidenti çıxışının sonunda İlham Əliyevin barışın da memarı kimi tarixə düşəcəyinə inandığını ifadə edərək, Azərbaycan xalqına, xüsusilə Laçınlılara göstərdikləri qonaqpərvərlik üçün təşəkkür edib. O, həmçinin tədbirdə iştirak edən Pakistan Baş naziri Şahbaz Şərifə də minnətdarlığını bildirib.
Mədinə Cəlilova
23:30 28.05.2025
Oxunuş sayı: 960