O, müəllimindən sadəcə bir təsəlli gözləyirdi...
Məni dərindən məyus edən bir hadisəni sizinlə paylaşmaq istəyirəm. Yaxın dostluq etdiyimiz ailənin qızı orta məktəbdə 11-ci sinifdə oxuyur, hicablıdır. Dünən anası həyat yoldaşıma danışıb ki, qızı məktəbdən evə çox sarsılmış vəziyyətdə qayıdıb, az qala halı pisləşənədək ağlayıb. Onu incidən təkcə məktəbdən qapıdan geri qaytarılması olmayıb. Ən ağır gələn məktəbin həyətində sinif rəhbərinin onu görməzdən gəlməsi, sanki tanımırmış, sanki qız nədəsə günahkarmış kimi davranması olub. Halbuki söhbət dərslərinə məsuliyyətlə yanaşan, əxlaqı və davranışı ilə seçilən, sinifdə hörmət qazanan bir şagirddən gedir. O, həmin anda müəllimindən sadəcə diqqət və qayğı gözləyib. Düşünüb ki, müəllimə ona yaxınlaşar, bəlkə qucaqlayar, təsəlli verər. Amma gözlədiyi o insani münasibəti görməyib.
Məktəbə buraxılmamağın hüquqi əsasları bu statusumun mövzusu deyil. Mən bu hadisənin insani tərəfinə diqqət çəkmək istəyirəm. Qaydaların tətbiqi müəllimin şagirdinə şəfqətlə yanaşmasına, onun könlünü almasına, özünü tək hiss etməməsi üçün köməklik göstərməsinə mane olmalıdırmı? Bəs müəllimlik vicdanı, pedaqoji həssaslıq, insanlıq harda qaldı?
Onu da qeyd edim ki, dostum pensiyada olan peşəkar hərbçi, yüksək rütbəli zabitdir, 2-ci Qarabağ müharibəsində də xidmətlərinə görə cənab Prezident tərəfindən təltif olunub, 3 övladını vətənpərvər, əxlaqlı yetişdirən məsuliyyətli valideyndir. Əlbəttə, hər bir uşaq valideyninin kimliyindən və xidmətlərindən asılı olmayaraq eyni hörmətə, qayğıya, həssas münasibətə layiqdir. Bu qızımızın və oxşar münasibətlə üzləşən digər qızlarımızın yaşadığı sarsıntıya laqeyd qala bilmərik. Onların hisslərini anlamağa çalışmaq, ləyaqətini qorumaq, yanlarında olmaq həm müəllimlik, həm də vətəndaşlıq məsuliyyətidir. Məktəb uşağın özünü dəyərli və güvəndə hiss etdiyi yer olmalıdır. Bir şagirdin yaddaşında ən çətin anında müəlliminin ondan üz çevirməsi qalmamalıdır. Bəzən bir uşağın qəlbini qorumaq üçün sadəcə ona yaxınlaşıb «Səni başa düşürəm» demək belə kifayətdir. Heç olmasa bunu övladlarımızdan əsirgəməyək.
18:28 15.10.2026
Oxunuş sayı: 75
Aqil Eyvazov
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad üzrə fəlsəfə doktoru, dosent, "İqtisadiyyat və Hüquq" İctimai Birliyinin sədri