"Ağ-Qara” – musiqi ilə duyğuların ziddiyyətli rəqsi

22 iyun saat 18:00-da Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində fərqli musiqi ovqatları bir araya gələcək. “Ağ-Qara” adlı bu xüsusi piano konsertində iki pianoçu və bir skripka ifaçısı tamaşaçıları duyğuların ən incə qatlarına səyahətə çıxaracaq.
Crossmedia.az xəbər verir ki, skripkada - istedadlı ifaçı Sərxan Əliyev, piano arxasında isə hər biri öz musiqi dəst-xətti ilə seçilən İsa Əliyev və Həbib Həbibov çıxış edəcək. Konsertdə səslənəcək əsərlər həm klassik ruhda, həm də müəllif bəstələri ilə rənglənəcək. Həm minor, yəni kədərli, həm də major, yəni sevinc dolu musiqilər konsertin ruhunu formalaşdıracaq.
“Həyat piano klavişləri kimi “ağ” və “qara” rənglərlə əhatələnib” — deyə konsertin ideya müəllifi İradə Məlikzadə bildirib. Onlar bu konsert vasitəsilə tamaşaçıya musiqi ilə emosional bir yolçuluq vəd edirlər, kədərdən xoşbəxtliyə doğru.
Adını həyatın öz rənglərindən alan “Ağ-Qara” konserti həm dinləyici, həm də ifaçılar üçün unudulmaz bir təcrübə olmağa namizəddir.
Ayan Sədi
18:00 25.05.2025
Oxunuş sayı: 824