Avropa müharibəyə hazırlaşır? Almaniyadan Rusiyaya qarşı dənizdə HƏRBİ HƏMLƏ!
Almaniya Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlara qarşı müdafiə imkanlarını genişləndirmək üçün daha dörd freqat alacaq. Qərar Avropada hərbi xərclərin artırıldığı və Rusiyadan qaynaqlanan təhlükəsizlik risklərinin daha ciddi qiymətləndirildiyi bir dövrdə qəbul edilib. Oktyabrın 8-də Almaniya Bundestaqının büdcə komitəsi “Thyssenkrupp Marine Systems” şirkətindən əlavə dörd MEKO A-200 DEU freqatının alınmasını təsdiqləyib. Beləliklə, Almaniya Hərbi Dəniz Qüvvələrinin sifariş etdiyi bu tip gəmilərin sayı səkkizə çatıb. Gəmilərin əsas vəzifəsi sualtı qayıqlara qarşı mübarizə aparmaq, Baltik və Şimal dənizlərində, eləcə də Atlantik okeanı və Arktika istiqamətində müdafiə imkanlarını gücləndirməkdir. İlk freqatın 2029-cu ildə donanmaya təhvil verilməsi planlaşdırılır. Bu qərar əvvəlki F126 freqatı layihəsinin gecikmələr və xərclərin artması səbəbindən dayandırılmasından sonra verilib.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Almaniyanın hərbi imkanlarını gücləndirməsi təkcə dəniz təhlükəsizliyi ilə bağlı deyil, bütövlükdə Avropanın müdafiə arxitekturasının yenidən qurulması prosesinin tərkib hissəsidir.
Politoloq qeyd edib ki, Avropa ölkələri hərbi büdcələrini və təhlükəsizlik xərclərini ciddi şəkildə artırırlar. Bu prosesin əsas səbəblərindən biri ABŞ-nin Avropanın müdafiəsinə əvvəlki səviyyədə maliyyə ayırmaq istəməməsi və Avropa dövlətlərindən öz təhlükəsizlikləri üçün daha çox vəsait xərcləməyi tələb etməsidir: "Beləliklə, onilliklər ərzində ABŞ-nin təmin etdiyi müdafiə çətirinə arxalanan Avropa ölkələri öz hərbi imkanlarını gücləndirmək məcburiyyətində qalırlar. Digər mühüm amil isə Rusiyadan qaynaqlanan hərbi təhdidlərdir. Rusiyanın Avropa ölkələrinə münasibətdə sərt mövqeyi və mümkün gələcək hərbi müdaxilə ilə bağlı təhlükəsizlik qiymətləndirmələri qitədə narahatlığı artırır. Xüsusilə Rusiyanın Ukraynada hərbi üstünlük əldə edəcəyi təqdirdə Avropa ilə Rusiya arasında bufer zonanın zəifləyə biləcəyi və tərəflərin birbaşa qarşıdurma riski ilə üzləşə biləcəyi ehtimalı Avropa dövlətlərini müdafiə strategiyalarına yenidən baxmağa sövq edir".
Elçin Xalidbəylinin sözlərinə görə, Almaniya da daxil olmaqla Avropa ölkələri mümkün hərbi qarşıdurma riskini nəzərə alaraq müdafiə sistemlərini yeniləməyə və hərbi hazırlıq səviyyələrini artırmağa çalışırlar: "Bu baxımdan, əlavə freqatların alınması yalnız donanmanın say tərkibinin genişləndirilməsi deyil, həm də sualtı qayıqlara qarşı mübarizə imkanlarının gücləndirilməsi və NATO çərçivəsində müdafiə öhdəliklərinin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Avropa dövlətləri hazırda mümkün müharibəyə hazırlıq məsələsini daha ciddi gündəmə gətirirlər. Almaniyanın dəniz qüvvələrinə investisiyaları da bu genişmiqyaslı təhlükəsizlik strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər".
Zeynəb Həsən
16:00 09.10.2026
Oxunuş sayı: 130