Viza üçün müraciət etdi, hər dəfə rədd cavabı aldı – səbəb baş örtüyüdür?
İstanbulda Qalatasaray Universitetinin Erasmus mübadilə proqramı çərçivəsində Fransanın Sorbonna Universitetində təhsil almaq hüququ qazanan tələbə uzunmüddətli tələbə vizası üçün müraciət zamanı baş örtüyü ilə çəkilmiş biometrik fotosunun qəbul edilmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Adının açıqlanmasını istəməyən tələbənin Anadolu Agentliyinə verdiyi məlumata görə, ondan fotosunu başı açıq şəkildə təqdim etməsi tələb olunub. O, Fransanın Türkiyədəki viza xidmətləri üzrə səlahiyyətli qurumu olan VFS Global vasitəsilə üç dəfə müraciət etdiyini, lakin hər üç müraciətinin nəticəsiz qaldığını deyib.
Tələbənin sözlərinə görə, ilk müraciəti Fransada qalacağı ilə bağlı şübhələr olduğu əsas gətirilərək rədd edilib. Halbuki o, Erasmus proqramı çərçivəsində yaşayış yerinin və təhsil proqramının əvvəlcədən müəyyənləşdirildiyini təsdiqləyən sənədləri təqdim edib.
İkinci müraciət zamanı onunla birlikdə müraciət edən dostunun vizası təsdiqlənib, öz müraciəti isə yenidən rədd edilib. Bundan sonra tələbə bunun səbəbinin baş örtüyü ola biləcəyindən şübhələnib və qərarın yazılı şəkildə bildirilməsi üçün üçüncü dəfə müraciət edib.
Onun sözlərinə görə, sentyabrın 14-də verilən və “Attestation de retour d’un dossier” adlanan sənəddə fotoşəkildə başın açıq olmasının tələb edildiyi, “tete nue” ifadəsinin qeyd olunduğu bildirilib.
Tələbə Sorbonnada təhsil almaq imkanını itirməsinin onun üçün ciddi akademik itki olduğunu deyib:
O, baş örtüyünü çıxarmaqla bağlı tələbin qarşısında dini inancı ilə akademik imkan arasında seçim etməyə məcbur qaldığını bildirib.
Tələbə həmçinin eyni dövrdə baş örtüyü ilə foto təqdim edən digər tələbələrin Fransa vizası aldığını və buna görə fərqli münasibətlə üzləşdiyini iddia edib.
O, bu təcrübəsini paylaşmaqda məqsədinin sosial mediada dəstək toplamaq deyil, digər tələbələri mümkün problemlər barədə məlumatlandırmaq və məsələni aidiyyəti qurumların diqqətinə çatdırmaq olduğunu bildirib.
Tələbə bundan sonra yenidən viza üçün müraciət etməyi planlaşdırmadığını, lakin gələcəkdə oxşar vəziyyətlə qarşılaşa biləcək tələbələr üçün qaydaların və müraciət prosedurlarının aydın şəkildə izah edilməsini istədiyini qeyd edib.
17:03 09.10.2026
Oxunuş sayı: 54