Mental arifmetika Marneulidə ilk dəfə GAİM-də tədris ediləcək
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) mental arifmetika üzrə yeni tədris proqramına start verilib.
Crossmedia.az xəbər verir ki, açılış tədbirində Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov iştirakçıları salamlayaraq mərkəzin fəaliyyəti və yeni layihənin məqsədləri barədə məlumat verib.
O bildirib ki, qələm-kağız və kalkulyatordan istifadə etmədən, zehni hesablama bacarıqlarına əsaslanan mental arifmetika Marneulidə ilk dəfə GAİM-də tədris olunacaq.
Dərsləri müəllim Sayalı İsmayılova aparacaq. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində ibtidai təhsil üzrə bakalavr, psixologiya üzrə isə magistr təhsili alıb. Sayalı İsmayılovanın Azərbaycan və gürcü bölmələrində dörd illik pedaqoji təcrübəsi var.
Yeni tədris proqramı məktəblilərlə yanaşı, məktəbəqədər yaşlı uşaqları, abituriyentləri və müəllimləri də əhatə edir. Proqram çərçivəsində məktəbəqədər və milli imtahanlara hazırlıq, gürcü və ingilis dillərinin tədrisi, həmçinin uşaqlara psixoloji dəstək xidmətləri nəzərdə tutulur.
Dərslərdə müasir texnologiyalardan, interaktiv oyunlardan və müxtəlif tədris vasitələrindən istifadə ediləcək.
Tədbirdə “AMAKids” və “Sumato” mental arifmetika proqramlarını Gürcüstana ilk gətirən İnqa Nodia da iştirak edib. O, Sayalı İsmayılovanın təşəbbüsü ilə əməkdaşlığın qurulduğunu və İsmayılovanın Marneuli regionunda bu proqramların yeganə nümayəndəsi olduğunu bildirib.
Layihənin əsas məqsədi Marneulidə müasir təhsil imkanlarını genişləndirmək, şagirdlərin və abituriyentlərin inkişafına, eləcə də müəllimlərin peşəkar fəaliyyətinə dəstək göstərməkdir.
14:58 09.10.2026
Oxunuş sayı: 46