Ermənistanda müxalifət ayağa qalxıb: "Paşinyan sərt addımlar atmasa..." - ŞƏRH

Ermənistanda daxili siyasi gərginlik getdikcə dərinləşir. Baş nazir Nikol Paşinyana qarşı impiçment tələblərinin irəli sürülməsi və müxalifətin fəallaşması ölkədə vəziyyətin daha da gərginləşəcəyindən xəbər verir. Məsuliyyətin kimdə olduğu, müxalifətin niyə bu qədər sərbəst hərəkət edə bildiyi və hökumətin hansı tədbirləri görməli olduğu ilə bağlı fikirlər də birmənalı deyil.
Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib.
“Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir”, - Edqar Kazaryan sosial şəbəkədəki səhifəsində yazıb.
Daha əvvəl “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.
Ermənistandakı daxili siyasi gərginlik barədə Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür: "Çünki bu gün ölkədə yaşanan xaosun qarşısını almaq və sabitliyi təmin etmək iqtidarın əsas vəzifəsidir. Lakin mövcud rəhbərlik vəziyyəti dəyişmək üçün heç bir ciddi addım atmır. Digər tərəfdən, keçmiş hakimiyyətin nümayəndələri vəziyyətdən istifadə edərək insanları küçələrə çıxarmağa çalışırlar. Bu isə artıq siyasi qarşıdurmanın açıq fazaya keçdiyini göstərir. Hökumət isə bütün bu planların və təşəbbüslərin fərqindədir. Görür ki, kimlər hansı məqsədlərlə hərəkət edir, lakin buna qarşı konkret reaksiya verilmir. Belə bir şəraitdə baş nazir Nikol Paşinyan daha qətiyyətli və prinsipial mövqe sərgiləməlidir".
Ekspertin fikrincə, bu addımlar heç bir halda Azərbaycana qarşı yönəlməməlidir: "Problem daxildədir və onun həlli də ölkə daxilində tapılmalıdır. Müxalifət artıq bütün hədləri aşaraq açıq şəkildə meydan oxuyur. Universitet mühitində belə tələbələr və müəllimlər hökumətin zəifliyindən narazılıq edirlər. Bu qədər açıq mesajlara baxmayaraq Paşinyan susqun davranır. Paşinyan nəyi gözləyir, nəyin intizarındadır? Elə bilir ki, vəziyyət öz-özünə düzələcək? Xeyr, bu mümkün deyil”.
Onun fikrincə, Paşinyana qarşı çıxan qüvvələr sadə müxalifət deyil, onlar radikal, hətta faşist xarakterli qruplardır: "Onların qarşısı yalnız ciddi hüquqi tədbirlərlə alınmalıdır. Əgər Paşinyan hakimiyyətini qorumaq istəyirsə, bu şəxsləri məsuliyyətə cəlb etməli, cinayət işləri açmalı və dövlətin gücünü ortaya qoymalıdır. Əks halda bu qüvvələr daha da irəli gedəcək və ölkəni geri dönüşü çətin olan bir böhrana sürükləyəcəklər. Yumşaqlıq göstərmək Paşinyanın ziyanına işləyir. Hökumət başçısı göstərməlidir ki, o, yalnız vədlərlə yox, real addımlarla hakimiyyətini qoruyacaq və ölkədə anarxiyanın yaranmasına imkan verməyəcək.
Aydan Quliyeva
16:57 06.05.2025
Oxunuş sayı: 906