İtaliyada İsrailin müdafiə naziri barəsində araşdırma genişləndirildi
İtaliya prokurorluğu “Sumud” donanmasının fəallarının saxlanılması zamanı mümkün qanun pozuntuları ilə bağlı araşdırmaya İsrailin müdafiə naziri İsrael Katsı və daha yüksək vəzifəli 12 şəxs daxil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İstintaqa İsrail Baş Qərargahının rəisi Eyal Zamir, eləcə də ölkənin hərbi, polis və penitensiar sistemində çalışan daha 12 yüksək vəzifəli nümayəndə cəlb olunub.
Araşdırmaya donanmanın iki missiyasından sonra saxlanılan 50 İtaliya vətəndaşının şikayətləri səbəb olub. Şikayətlər fəalların saxlanılması zamanı yol verildiyi iddia edilən qanun pozuntuları ilə bağlıdır.
İlkin mərhələdə istintaq İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı aparılırdı.
İtaliya prokurorları İsraildən hüquqi yardım istəyib, həmçinin araşdırmanın əlaqələndirilməsi məqsədilə Avropa ölkələrinin həmkarları ilə əməkdaşlıq edirlər.
21:26 16.10.2026
Oxunuş sayı: 57