39 yaşlı kişinin qarnından 8,7 kiloqramlıq şiş çıxarıldı
Rusiyanın Novosibirsk şəhərində cərrahlar 39 yaşlı kişinin qarın boşluğundan 8,7 kiloqram ağırlığında xoşxassəli şişi uğurla çıxarıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “RT” Novosibirskdəki “RJD-Meditsina” klinik xəstəxanasına istinadən məlumat yayıb.
Məlumata görə, kişi xəstəxananın qastroenterologiya şöbəsinə mədə yanması, narahatlıq və sağ qabırğaaltı nahiyədə dartıcı ağrı şikayətləri ilə müraciət edib. Ultrasəs müayinəsi zamanı həkimlər 26x50 santimetr ölçüsündə lipoma aşkarlayıblar.
Şiş qarın boşluğunun üçdə ikisini tutub və daxili orqanları sıxışdıraraq yerindən kənara çəkib.
Klinik xəstəxananın baş həkiminin cərrahi yardım üzrə müavini, tibb elmləri namizədi Aleksey Andreyev əməliyyatın xüsusi diqqət və ehtiyat tələb etdiyini bildirib. Həkimlərin əsas məqsədi qanaxmaya səbəb olmamaq üçün damarları zədələməmək olub.
Əməliyyat uğurla başa çatıb. Bir ildən çoxdur xəstəni narahat edən şikayətlər aradan qalxıb. Hazırda kişi bərpa prosesi keçir.
Qeyd edək ki, daha əvvəl Yekaterinburqda həkimlər bir qadının bədənindən 17 kiloqram ağırlığında şiş çıxarıblar. Qadın həzm problemləri yarandıqdan sonra tibbi yardım üçün müraciət edib.
22:41 16.10.2026
Oxunuş sayı: 173