Netanyahu Azərbaycana gəlir: “Region üçün əhəmiyyətlidir”

Azərbaycan-İsrail münasibətləri son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı yaxın dostluq əlaqələri təkcə ikitərəfli səviyyədə deyil, eyni zamanda regional sabitlik və əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb edir. Tarixi köklərə söykənən bu münasibətlər, bu gün həm Azərbaycanın Cənubi Qafqazdakı mövqeyinin möhkəmlənməsinə, həm də İsrailin regionda nüfuzunun artmasına xidmət edir. Məhz bu kontekstdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfəri böyük maraqla gözlənilir. Gözlənilən səfərin gündəliyində hansı məsələlərin yer alacağı isə həm ictimaiyyətin, həm də beynəlxalq müşahidəçilərin diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan - İsrail münasibətləri ən yüksək səviyyədə təşkil olunub. İsrail Azərbaycan münasibətləri tarixi köklərə əsaslanır və hər iki dövlət bu münasibətlərə həsasslıqla yanaşır. İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bir neçə gün çəkəcək. Çünki bu səfərin əhəmiyyəti tək Azərbaycan və İsrail üçün yox, həm də region üçün əhəmiyyətlidir.
Azərbaycan üçün bütün yaxın Şərq ölkələri ilə münasibətləri yüksək səviyyədə təşkil etmək olduqca əhəmiyyətlidir. Təəssüflər olsun ki, bu gün İsrail və Türkiyə münasibətləri gərgindir. Bu nöqteyi -nəzərdən Azərbaycanın qardaş Türkiyə və dost İsraillə münasibətləri bu iki dövlət arasındakı münasibətlərin normallaşmasına da xidmət edə bilər. Bundan başqa Yaxın Şərqdə gedən məsələlər, Azərbaycanın qlobal cənubda artan rolu, qərb-şərq arasındakı mövqeyi Azərbaycanın və İsrailin də bu istiqamətdə birgə fəaliyyəti müzakirə olunacaq məsələlərdir”.
Ayhan Ağarzayev
18:38 02.05.2025
Oxunuş sayı: 1176