Ramid Namazov: İnformasiya resurslarına haker hücumlarına ölkə daxilindən də dəstək verilib

“Global Media Group”-a daxil olan informasiya resurslarına haker hücumunun ilkin təhlilləri göstərir ki, daxili infrastrukturu zərərverici proqram təminatları ilə yoluxdurulub, mərkəzi idarəetmə sistemi tam olaraq ələ keçirilib.
Crossmedia.az-ın məlumatına görə, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya tərəfindən “Azərbaycanın media resurslarına 20 fevral hücumları: Kibermüdaxilədən dezinformasiyaya” mövzusunda təşkil olunan müzakirələrdə komissiyanın sədri Ramid Namazov deyib.
O qeyd edib ki, hücum nəticəsində, sistem inzibatçısına məxsus kompüter ələ keçirilmiş, bütün internet resurslarının ehtiyat nüsxələrinin saxlanıldığı serverə giriş edilib.
“Bundan sonra isə hücumu həyata keçirənlər digər media resurslarına müdaxilə etmişlər. Nəticədə, veb-server məlumatları və ehtiyat nüsxələr silinmiş, media resursları məhv edilmiş, infrastruktura giriş məhdudlaşdırılıb”.
Onun sözlərinə görə, təbii ki, hücuma məruz qalan media resurslarının kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən dərhal müvafiq addımlar atılmışdır.
“Maraqlıdır ki, sonrakı müddət ərzində də, yəni aidiyyəti dəstək veriləndən sonra da bərpa edilən internet informasiya ehtiyatlarına kiberhücum cəhdlərinin davam etdiyi müşahidə edilmiş, lakin qarşısı alınmışdır.
Hücum zamanı istifadə edilən IP (internet protokol) ünvanları və domenlər, o cümlədən qrupun bütün əlaqələri müəyyən edilmişdir. Qeyd edilməlidir ki, hücumlara ölkədaxili IP-lərdən də dəstək verildiyi, kiberhücumda iştirak edən bəzi şəxslərin ölkəmizin ərazisində olduqları, hətta hansı hoteldə olduqları müəyyən edilmişdir. Söhbət əcnəbilərdən gedir. Bu isə məsələnin sıravi bir kiberhücum halı olmadığının göstəricisidir”.
15:18 02.05.2025
Oxunuş sayı: 879