Deputat: "Səhiyyə sistemində peşəkarlıq artacaq"

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Komitənin üzvü Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, layihə səhiyyə sistemində mühüm dəyişiklikləri nəzərdə tutur və xüsusilə də tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı çoxsaylı yenilikləri ehtiva edir: "Bu vaxta qədər yalnız Səhiyyə Nazirliyinin normativ sənədləri ilə tənzimlənən məsələlərin indi birbaşa qanunvericilik səviyyəsinə qaldırılması hüquqi baxımdan daha aydın və sui-istifadə hallarına qarşı daha dayanıqlı mexanizm formalaşdırır".
“Təklif olunan yeni mexanizm Dünya Tibb Təhsili Federasiyasının tövsiyələrinə əsaslanır və davamlı peşəkar inkişaf (DPİ) modelinin tətbiqini nəzərdə tutur. Yəni, həkimlər yalnız ixtisasartırma kursları ilə kifayətlənməyəcək, elmi, pedaqoji və tədris fəaliyyətinə görə də kredit balı toplayaraq sertifikasiya ala biləcəklər. Bu isə peşəkar inkişafı stimullaşdıracaq və tibb mütəxəssislərimizi beynəlxalq aləmə daha yaxşı inteqrasiya edəcək,” – deyə deputat qeyd edib.
Parlamentari əlavə edib ki, qanun layihəsində sertifikasiyadan keçməyin iki yolu təklif olunur: biri ənənəvi imtahan sistemi, digəri isə DPİ üzrə fəaliyyətlər vasitəsilə toplana biləcək kredit balı əsasında qiymətləndirmə: "Son dövrlərdə bir çox həkimin ixtisas dəyişdirərək plastik cərrahiyəyə yönəlməsi və bu sahədə yaranan ağır fəsadlar fonunda qanun layihəsində ixtisas dəyişməyə dair müddəaların çıxarılması da diqqət çəkən məqamlardandır. “Əgər kimsə ixtisasını dəyişmək istəyirsə, bu sahəyə yalnız rezidentura pilləsindən keçdikdən sonra yönəlməlidir. Qanun layihəsində nəzərdə tutulan sosial təminatla bağlı yeniliklərdən biri də budur: sertifikasiyadan keçə bilməyən tibb işçilərinin vəzifə maaşı və iş yeri altı ay müddətinə qorunacaq. Deputat hesab edir ki, bu yanaşma tibb mütəxəssislərinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir".
P. Vəliyeva yekunda qeyd edib ki, bu dəyişikliklər həm səhiyyə sistemində peşəkarlığın artırılmasına, həm də vətəndaşların təhlükəsiz və keyfiyyətli tibbi xidmət almasına xidmət edir.
Toğrul Əhmədzadə
15:38 25.04.2025
Oxunuş sayı: 1516