Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb



Londonda nəşr olunan “Diplomat” jurnalı tərəfindən təşkil olunan illik mükafatlandırma mərasimində Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov iqlim diplomatiyasına töhfəyə görə kateqoriyası üzrə “İlin diplomatı” mükafatına layiq görülüb.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən səfir E. Süleymanov bu mükafatın ilk növbədə Azərbaycanın iqlim gündəliyinə töhfəsi və dayanıqlı inkişafa sadiqliyinin qiymətləndirilməsi olduğunu vurğulayıb. Diplomat qeyd edib ki, məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iqlim fəaliyyətinə baxışının məntiqi nəticəsi olaraq Azərbaycan ötən il COP29-a ev sahibliyi edib.
Səfir Süleymanov bu mükafatın, həmçinin COP29 Sədrliyi komandasının zəhmətinin dəyərləndirilməsi olduğunu söyləyərək Londondakı diplomatik korpusa təşəkkür edib.
İqlim dəyişikliyinin əsas qlobal çağırışlardan biri olduğunu vurğulayan səfir Süleymanov ötən il COP29-a uğurla ev sahibliyi edən Azərbaycanın COP29-un sədri kimi bu istiqamətdə səyləri davam etdirdiyini və mövzunu beynəlxalq ictimaiyyətin diqqətində saxlamağa davam edəcəyini diqqətə çatdırıb.
Diplomat il ərzində iqlim gündəliyi üzrə səmərəli və konstruktiv əməkdaşlığa görə Londondakı diplomatik korpusa minnətdarlıq edib. Səfir, həmçinin Britaniya tərəfinə mövzu üzrə əməkdaşlığa görə təşəkkür edib.
Qeyd edək ki, Londondakı diplomatik təqvimin əsas tədbirlərindən olan bu mükafatlandırma mərasimi hər il müxtəlif kateqoriyalar üzrə fəaliyyətləri ilə ən çox seçilən diplomatlara təqdim edilir. Artıq 15 ildir keçirilən mükafatlandırma mərasimində Britaniyada akkreditə olunan səfirlər və diplomatik korpus nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin Protokol departamentinin direktoru və əməkdaşları, diplomatik korpusun marşalı, tanınmış dövlət xadimləri, iş adamları və media nümayəndələri olmaqla 200-dək qonaq iştirak edir.
13:00 23.04.2025
Oxunuş sayı: 735