İkitərəfli münasibətlərin dərinləşməsi xarici siyasətin mühüm istiqamətlərindəndən biridir - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri edib. Bu səfər, Azərbaycan ilə Çin arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi məqsədini daşıyır. Hər iki ölkə arasında iqtisadiyyat, ticarət, enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov ilk olaraq bildirib ki, Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlardır:
“Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 33 il keçir. Bu illər ərzində əlaqələrimiz qarşılıqlı etimad əsasında inkişaf edib. Bu gün Azərbaycan Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Ümumilikdə isə Azərbaycan-Çin əlaqələrinin tarixi qədim İpək Yolundan başlayır. Hələ 2500 il bundan əvvəl qədim İpək Yolu vasitəsilə iki ölkə arasında ticari və mədəni əlaqələr mövcud olub. Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə də bağlıdır. “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Pekində keçirilən II “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan iştirak edən yeganə dövlət başçısı Prezident İlham Əliyev olub”.
Deputatın sözlərinə görə, bu, təbii ki, dövlətimizin başçısına olan yüksək etimaddan irəli gəlir: “Azərbaycanla Çin arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişaf əsasında formalaşan əməkdaşlıq münasibətləri iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, həm də sülh, sabitlik və sosial-iqtisadi tərəqqiyə xidmət edir. Azərbaycanın dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik olan bu dövlətlə münasibətləri artan dinamika ilə inkişaf etməkdədir. Hazırda ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir. Cənab Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi müsahibə zamanı qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Bu gün Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir. Son illərdə Azərbaycanla Çin arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir”.
Nəzrin Salmanova
09:20 23.04.2025
Oxunuş sayı: 782